Daha bir süni intellekt başqa şirkətlərin sistemlərinə sızıb



ABŞ-ın texnologiya şirkəti Anthropic şirkətin Claude adlı süni intellekt modelləri kibertəhlükəsizlik testləri zamanı baş vermiş konfiqurasiya xətası səbəbindən üç fərqli şirkətin sistemlərinə sızdığını açıqlayıb. 

AFN.az xəbər verir ki, şirkət bunun sınaq prosesində qeydə alınmış texniki nasazlıq nəticəsində baş verdiyini bildirib.

Hadisə rəqib şirkət OpenAI-ın öz süni intellekt modellərinin Hugging Face də daxil olmaqla müxtəlif platformaların sistemlərinə icazəsiz daxil olduğunu açıqlamasından qısa müddət sonra baş verib. Anthropic bundan sonra öz sistemlərində oxşar hadisənin yaşanıb-yaşanmadığını araşdırmağa başlayıb.

Şirkət Claude model ailəsinin təcrid olunmuş test mühitlərindən canlı internetə çıxış əldə edib-etmədiyini müəyyənləşdirmək üçün 140 mindən çox testi geriyə dönük şəkildə yoxlayıb.

Araşdırmalar nəticəsində tarixi aprel ayına qədər uzanan üç ayrı sistemə sızma faktı müəyyən edilib. Hadisədən zərər çəkən şirkətlərin adları açıqlanmasa da, vəziyyət barədə aidiyyəti qurumlara məlumat verildiyi bildirilib.

Məlumata görə, insident sistemlərdəki boşluqları aşkar etmək məqsədilə keçirilən "Bayrağı ələ keçir" (Capture the Flag) adlı kibertəhlükəsizlik testləri zamanı baş verib. Anthropic və test tərəfdaşının sistemlərindəki konfiqurasiya xətası səbəbindən internetə çıxış əldə edən modellər bundan istifadə edərək digər şəbəkələrə daxil olublar.

Sızmalar baş verən zaman nə Anthropic, nə də hədəf alınan şirkətlər bunu dərhal müəyyən edə bilib. Şirkət bildirib ki, yoxlama prosesləri daha geniş şəkildə aparılmalıdır və hadisəyə görə bütün məsuliyyət Anthropic-in üzərinə düşür.

Son dövrlərdə süni intellekt sistemlərinin iştirak etdiyi kibertəhlükəsizlik hadisələri təhlükəsizlik tədbirləri və nəzarət mexanizmləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

ABŞ Prezidenti Donald Tramp da baş verən təhlükəsizlik pozuntularından sonra süni intellekt texnologiyalarına qarşı daha sərt məhdudlaşdırıcı tədbirlərin nəzərdən keçirildiyini açıqlayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu