"Anthropic" ABŞ-ın məxfi sistemlərində təhlükəsizlik boşluqları tapıb
ABŞ mərkəzli süni intellekt şirkəti "Anthropic"in təkmilləşdirdiyi modelin ABŞ hökumətinin yüksək səviyyəli həssas məlumatları ehtiva edən kompüter sistemlərində təhlükəsizlik boşluqları aşkar etdiyi irəli sürülüb.
AFN.az xəbər verir ki, "The Associated Press" (AP) agentliyinə danışan rəsmi şəxs süni intellekt şirkəti "Anthropic" ilə ABŞ-ın kəşfiyyat xidmətlərinin əməkdaşlığı çərçivəsində təhlükəsizlik sınaqlarının aparıldığını qeyd edib.
Adı açıqlanmayan rəsmi şəxs bu sınağın dünyanın kritik əhəmiyyətə malik proqram təminatlarını "Anthropic" tərəfindən hazırlanmış "Mythos" modelinin ictimai təhlükəsizlik, milli təhlükəsizlik və iqtisadiyyatda yol aça biləcəyi ciddi mənfi təsirlərdən qorumaq məqsədilə həyata keçirilən təcrübələr çərçivəsində aparıldığını iddia edib.
Sınaq zamanı "Mythos" modelinin ABŞ hökumətinin yüksək səviyyəli həssas məlumatları ehtiva edən kompüter sistemlərində bir neçə saat ərzində bəzi təhlükəsizlik boşluqları tapdığını bildirən rəsmi şəxs bu aşkarlamanın sistemə eyni müddətdə sızmaq imkanı demək olmadığı iddiasını irəli sürüb.
Demokrat senator Mark Uorner də iyunun 11-də Senatda keçirilən iclasda bu sınaqlara diqqət çəkərək, "Bu alət demək olar ki, bütün məxfi sistemlərimizə daxil oldu. Həftələr deyil, saatlar ərzində" ifadələrini işlətmişdi.
ABŞ administrasiyası isə iyunun 13-də "Anthropic"in təkmilləşdirdiyi "Fable 5" və "Mythos 5" süni intellekt modellərinə milli təhlükəsizlik təhdidi əsası ilə xarici hökumətlərin, şirkətlərin və fərdlərin çıxışını qadağan etmək qərarı almışdı.
Bunun ardınca "Anthropic" inkişaf etmiş süni intellekt modellərini bütün istifadəçilər üçün deaktiv etmişdi.
