Ağ Ev yeni süni intellekt modelləri üçün nəzarət mexanizmini nəzərdən keçirir
ABŞ Prezidenti Donald Tramp administrasiyasının süni intellekt sektoruna yönəlmiş əvvəlki liberallaşdırma siyasətindən geri addım ataraq, yeni modellər üçün dövlət nəzarəti tətbiq etməyi planlaşdırdığı bildirilir.
AFN.az xəbər verir ki, "The New York Times" qəzetinin məlumatına görə, Ağ Ev texnologiya şirkətlərinin rəhbərləri və hökumət rəsmilərindən ibarət xüsusi işçi qrupunun yaradılmasını müzakirə edir.
Yeni plan çərçivəsində süni intellekt modelləri üçün rəsmi təftiş prosesinin dövriyyəyə alınması nəzərdə tutulur. Bu mexanizmin təhlükəsizlik standartlarını qiymətləndirəcəyi və Böyük Britaniyadakı oxşar modeldən ilhamlanacağı qeyd olunur. Rəsmilər bildirirlər ki, bu dəyişikliyə son vaxtlar artan milli təhlükəsizlik, kibertəhlükəsizlik və məşğulluqla bağlı narahatlıqlar səbəb olub.
Ağ Evin artıq "Anthropic", "Google" və "OpenAI" rəhbərlərinə mümkün tənzimləmələr barədə məlumat verdiyi bildirilir. Bu addımın aprel ayında "Anthropic" tərəfindən hazırlanan "Mythos" modelinin təqdimatından sonra sürətləndiyi vurğulanır.
Qeyd edək ki, "Mythos" əməliyyat sistemlərindəki məlum olmayan boşluqları tapmaq bacarığına görə böyük narahatlıq yaratmışdı. Şirkət bu modelin pis niyyətlə istifadə ediləcəyi təqdirdə qlobal iqtisadiyyata və milli təhlükəsizliyə ağır zərər vura biləcəyini əsas gətirərək, proqram təminatını ümumi istifadəyə açmayacağını bəyan edib.

