Ər-Riyadda dəniz təhlükəsizliyi koalisiyasının yaradılması müzakirə olunub
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda 43 ölkənin nümayəndələrinin iştirakı ilə beynəlxalq gəmiçiliyin təhlükəsizliyini təmin edəcək çoxtərəfli dəniz müdafiə koalisiyasının yaradılması müzakirə edilib.
AFN.az Səudiyyə Ərəbistanı mediasına istinadən xəbər verir ki, görüşdə 43 ölkənin baş qərargah rəisləri və hərbi nümayəndələri, eləcə də Avropa İttifaqının nümayəndə heyəti iştirak edib.
İclasda ticarət gəmilərinə, enerji tankerlərinə və dəniz infrastrukturuna qarşı artan təhdidlər, həmçinin yaradılması nəzərdə tutulan koalisiyanın nizamnaməsi, idarəetmə sistemi və fəaliyyət mexanizmləri müzakirə olunub. Koalisiyanın Bab əl-Məndəb boğazı, Qırmızı dəniz və Ədən körfəzində fəaliyyət göstərməsi planlaşdırılır.
Məlumata görə, Səudiyyə Ərəbistanının koalisiyanın təsisçi və rəhbər ölkəsi olması, qərargahın isə bu ölkədə yerləşdirilməsi nəzərdə tutulur.
Görüşün yekununda 14 ölkə – Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, Qətər, Pakistan, Türkiyə, Misir, İordaniya, Yəmən, Banqladeş, Nigeriya, Sudan, Cibuti və Somali təşəbbüsü dəstəkləyən birgə bəyanat imzalayıb. Digər bəzi dövlətlərin də qoşulmaq üçün daxili prosedurları davam etdirdiyi bildirilib.


