Belçika İngiltərədən İsrailə göndərilən sursatları müsadirə edib
Belçika İsrailə silah və hərbi ləvazimatların daşınmasına tətbiq etdiyi qadağa çərçivəsində İngiltərədən bu ölkəyə göndərilən iki hərbi yükü müsadirə edib.
AFN.az xəbər verir ki, yerli mətbuatda yer alan məlumatlara görə, sözügedən yüklər martın 23-də İngiltərədən yola çıxıb və martın 24-də Belçikanın Lyej (Liège) hava limanında saxlanılıb. Yoxlamalar zamanı yüklərin tərkibində atəşə nəzarət sistemləri və hərbi təyyarələrə aid ehtiyat hissələri aşkar edilib.
Belçika rəsmiləri məhsulların müvafiq qaydada bəyan edilmədiyini və hər iki yükün rəsmən müsadirə olunduğunu bildiriblər. Faktla bağlı məhkəmə araşdırması başladılıb. Belçikanın Valoniya bölgəsi hökumətinin bəyanatında qeyd olunub ki, yüklərlə əlaqəli şirkətlərdən biri ABŞ mərkəzli aviasiya firması "Moog"dur.
Bu şirkətin İsrail pilotlarının təlimində istifadə olunan "M-346" tipli təyyarələr üçün aktuator istehsal etdiyi müəyyən edilib. Araşdırmalar nəticəsində eyni şirkət tərəfindən İngiltərədən İsrailə göndərilmək üzrə Lyej hava limanına ən azı 17 bənzər daşımanın edildiyi üzə çıxıb.
Xatırladaq ki, Belçika İsrailə silah və hərbi materialların daşınmasını əngəlləməyi hədəfləyən embarqonu 23 yanvar 2026-cı il tarixindən etibarən qüvvəyə mindirib. Valoniya bölgəsinin rəhbəri Adrien Dolimon bildirib ki, hərbi potensialı gücləndirə biləcək heç bir avadanlığın tranzitinə icazə verilməyəcək.
