Pakistanda qar uçqunu nəticəsində 10 alpinist itkin düşüb



Pakistanın Broad Peak zirvəsində baş verən qar uçqunu nəticəsində nepallı məşhur alpinist Nirmal Purcanın rəhbərlik etdiyi 10 nəfərlik alpinist qrupundan xəbər alınmır.

AFN.az xəbər verir ki, bu barədə Pakistan Alpinizm Klubunun açıqlamasında bildirilib.

Qurumun sosial şəbəkə hesabında yayılan məlumatda "Qarakorum dağ silsiləsində yerləşən Broad Peak zirvəsində alpinist qrupunu vuran qar uçqunu ilə bağlı son dərəcə narahatedici məlumatlar almışıq" ifadəsi yer alıb.

Açıqlamada qeyd olunub ki, qrup Nepal, ABŞ, Çin və Omandan olan alpinistlərdən ibarətdir və ona mükafatlı nepallı alpinist Nirmal Purca rəhbərlik edir.

Bildirilib ki, itkin düşən alpinistlərin tapılması üçün Pakistan hökuməti ilə birgə bütün imkanlar səfərbər olunub və axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Qeyd edək ki, Nirmal Purca bu ayın əvvəlində Pakistanın Qaşerbrum II zirvəsinə əlavə oksigen istifadə etmədən qalxaraq 8035 metr yüksəklikdə 57-ci uğurlu zirvə fəthini reallaşdırmışdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu