Hindistan tarixində bir ilk: Doğum göstəriciləri gerilədi



İllərlə əhali partlayışı qorxusu ilə yaşayan Hindistan ölkə tarixində ilk dəfə ən böyük demoqrafik tənəzzülün astanasına gəlib.

AFN.az xəbər verir ki, doğum göstəriciləri əhalini sabit saxlaya biləcək kritik həddən ilk dəfə aşağı düşüb.

Dünyanın ən çox əhalisi olan ölkəsi Hindistan bəşəriyyət tarixinin ən şokedici demoqrafik dəyişikliklərindən birini yaşayır.

Rəsmi qurumların yayımladığı son Nümunə Qeydiyyat Sistemi (SRS) hesabatına görə, ölkədə hər qadına düşən uşaq sayı (ümumi doğum əmsalı) 1,9-a geriləyib.

Bu göstərici əhalinin uzunmüddətli dövrdə azalmadan tarazlıqda qala bilməsi üçün tələb olunan 2,1-lik yenilənmə həddinin ilk dəfə altına düşülməsi mənasına gəlir.

2000-ci illərin əvvəllərində bu göstəricinin 3,3 olduğu nəzərə alınarsa, Hindistandakı azalma sürəti hətta ekspertləri də heyrətə gətirir.

Bu sürətli tənəzzülün arxasında ölkənin keçdiyi sosial və iqtisadi dəyişikliklər dayanır.

Qadınların təhsil səviyyəsinin yüksəlməsi və kontraseptiv üsullara çıxışın artması ailədaxili uşaq sahibi olma qərarlarına birbaşa təsir göstərib.

Bundan əlavə, yüksələn yaşam xərcləri və uşaq böyütməyin bahalaşması ailələri radikal şəkildə kiçilməyə məcbur edib.

Səhiyyə sahəsindəki irəliləyişlərlə körpə ölüm göstəricilərinin beş il ərzində hər 1000 diri doğulana görə 30-dan 24-ə düşməsi də ailələrin "uşağımı itirərəm" qorxusu ilə çox uşaq dünyaya gətirmək meylini bitirən digər böyük amil olub.

Əhalidəki bu azalma Hindistan xəritəsini iki zidd qütbə ayırıb.

Təhsil və rifah səviyyəsinin ən aşağı olduğu yoxsul şimal ştatlarından Bihar əyalətində doğum əmsalı 2,9 ilə rekord qırarkən, Uttar Pradeş 2,6 ilə onu izləyir.

Bunun əksinə olaraq, səhiyyə, təhsil və qadın hüquqlarının ən çox inkişaf etdiyi cənub ştatları KeralaTamil Naduda bu göstərici 1,3-ə, paytaxt Nyu-Delidə isə 1,2-yə qədər enib.

Əhalisini nəzarət altına alan cənub ştatları bu uğurlarına görə federal hökumətdən aldıqları bütçə payının azaldılmasından şikayətçidirlər və bu vəziyyət ölkədə çox böyük bir siyasi böhranın fitilini alovlandırır.

Hindistan 2005-ci ildən bəri demoqrafik fürsət pəncərəsi adlandırılan, yəni işləyən əhalinin yaşlı və uşaqlardan çox olduğu qızıl dövrünü yaşayırdı.

Vaxtilə Yaponiya və Çin bu dövrdən yararlanaraq iqtisadi nəhənglərə çevrilmişdilər.

Hindistanın bu üstünlüyünün 2055-ci ilə qədər davam edəcəyi gözlənilirdi, lakin doğum göstəricilərindəki bu qəfil ləngimə planları alt-üst etdi.

Ekspertlər Hindistanın hələ tam mənası ilə inkişaf etmiş bir iqtisadiyyata sahib olmadan növbəti 30 il ərzində sürətlə yaşlanan bir əhali ilə baş-başa qalacağı və nəhəng bir işçi qüvvəsi böhranı yaşayacağı barədə ciddi xəbərdarlıqlar edirlər.

Əhalidəki bu dramatik azalma Hindistandakı etnik və dini balansları da sarsıdır.

Hakimiyyətdəki millətçi dairələrin müsəlmanlar daha çox uşaq dünyaya gətirir arqumentlərinin əksinə olaraq, rəsmi məlumatlar müsəlmanlar arasındakı doğurganlıq sürətinin son 30 ildə bütün dini qruplardan daha sürətlə düşərək 4,41-dən 2,36-ya gerilədiyini sübut edir.

Gələcəkdə parlamentdəki deputat yerlərini itirməkdən qorxan Andhra Pradeş kimi bəzi cənub ştatları isə artıq təşvişə düşərək, üçüncü və dördüncü uşağı olan ailələrə nağd pul yardımı və ödənişsiz süni mayalanma müalicəsi kimi aqressiv əhali təşviqləri verməyə başlayıblər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu