Tramp G7 sammitində Hörmüz boğazındakı minaların təmizlənməsini müzakirə edəcək



ABŞ Prezidenti Donald Trampın G7 sammitində liderlərlə Hörmüz boğazındakı minalardan təmizləmə işlərini də müzakirə edəcəyi öyrənilib.

AFN.az xəbər verir ki, Tramp administrasiyasının iki yüksəksəviyyəli rəsmisi dövlət başçısının G7 sammiti üçün Fransaya edəcəyi səfər barədə məlumat verib.

Trampın 15 iyunda tezdən Ağ Evdən ayrılacağını bildirən rəsmilər Fransanın Evian-le-Ben şəhərində keçiriləcək 52-ci G7 sammitində iqtisadi artım və inkişaf, tədarük zəncirinin davamlılığı, qeyri-qanuni miqrasiya və süni intellekt kimi ortaq əhəmiyyət kəsb edən əsas mövzuların müzakirə olunacağını qeyd ediblər.

Rəsmilər sammit çərçivəsində Trampın həmçinin Misir, Qətər və Birləşmiş Ərəb Əmirlikləri liderləri ilə Yaxın Şərqdəki hadisələrə dair ikitərəfli görüşlər keçirəcəyi barədə məlumatı paylaşıblar.

ABŞ və İran arasındakı sülh danışıqları ilə bağlı suala cavab olaraq rəsmilər razılaşmada gəlinən nöqtənin möhtəşəm və çox güclü olduğunu, lakin sənədin nə zaman imzalanacağı və prosesin necə irəliləyəcəyi barədə dəqiq bir şey deyə bilməyəcəklərini diqqətə çatdırıblar.

Sammitdə müttəfiqlərlə Hörmüz boğazındakı minalardan təmizləmə işlərinin də nəzərdən keçiriləcəyinə işarə edən rəsmilər bildiriblər ki, İran Hörmüz boğazını keçid haqqı tələb etmədən açacaq, onlar da eyni vaxtda blokadanı ləğv edəcəklər.

Növbəti mərhələnin isə boğazın minalardan təmizlənməsi olacağını vurğulayan rəsmilər bu işi özlərinin edə biləcəyini, lakin G7 ölkələrinin də könüllü olaraq öz üzərinə götürə biləcəyi çox böyük potensiala sahib olduğunu ifadə ediblər.

NATO-da maliyyə yükünün bölüşdürülməsinə dair sualları da cavablandıran rəsmi şəxslər 7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO sammitinə işarə edərək, alyansla bağlı bir çox məsələnin orada müzakirə ediləcəyini vurğulayıblar.

Onlar NATO-da bəzi xərc və öhdəliklərin digər ölkələrə ötürülməsindən çox məmnun olduqlarını, lakin daha çoxunun görülməsinə ehtiyac duyulduğunu və NATO-nun xüsusilə 21-ci əsr üçün yenilənməsinin vacibliyini qeyd ediblər.

Prezident Trampın 17 iyunda G7 sammiti başa çatdıqdan sonra həmin gün günortadan sonra ABŞ-a qayıtması gözlənilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu