Ağ Ev Hörmüz boğazının minalardan təmizlənməsi barədə məlumatsızdır
Ağ Evin mətbuat katibi Kerolayn Levitt ABŞ Silahlı Qüvvələrinin Hörmüz boğazında apardığı minalardan təmizləmə işlərinin gedişatı barədə konkret məlumat verə bilməyib.
Jurnalistlərin neçə minanın təmizləndiyi və prosesin nə qədər çəkəcəyi ilə bağlı suallarına cavab olaraq Levitt, bu məsələnin Pentaqonun səlahiyyətində olduğunu bildirib.
Xatırladaq ki, aprelin 23-də ABŞ prezidenti Donald Tramp boğazın minalardan təmizlənməsinə "üçqat intensivliklə" başlayacaqlarını vəd etmişdi. Lakin İran tərəfi ABŞ-ın dəniz blokadası tam qaldırılana qədər boğazın qapalı qalacağını bəyan edib.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Trampın açıqlamalarını "inandırıcı olmayan bəyanatlar" adlandıraraq gəmi sahiblərini yalnız Tehranın göstərişlərinə əməl etməyə çağırıb. Qeyd edək ki, dünya neft ixracının təxminən beşdə biri məhz Hörmüz boğazından keçir.

