ABŞ İran PUA-larını vurduğunu açıqladı
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ qüvvələrinin Hörmüz boğazından keçən ticarət gəmilərinə zərbə endirməyə cəhd edən İrana məxsus çox sayda pilotsuz uçuş aparatını (PUA) vurduğunu bildirib.
AFN.az xəbər verir ki, CENTCOM-un sosial şəbəkə hesabından mövzu ilə bağlı verilən açıqlamada İranın Hörmüz boğazından keçən ticarət gəmilərini vurmaq təşəbbüsü ilə çox sayda birtərəfli hücum PUA-sı atdığı, boğazdakı hərəkətin maneəsiz şəkildə davam etdiyi və ABŞ qüvvələrinin son saatlarda onların hamısını zərərsizləşdirdiyi qeyd olunub.
Qurum həmçinin beynəlxalq ticarət dəhlizinin keçid üçün açıq qalmağa davam etdiyi barədə məlumat paylaşıb.
Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp dünən İranla razılaşmanın tamamlanmaq üzrə olduğunu vurğulayaraq, detallı razılaşma mətni üzərindəki son işlərin davam etdiyini bildirmişdi.
Pakistan Baş naziri Şahbaz Şərif də ABŞ ilə İran arasındakı danışıqlara toxunaraq, sülhün heç vaxt bu qədər yaxın olmadığını ifadə etmişdi.
Vaşinqton ilə Tehran arasında razılığın əldə olunması istiqamətindəki diplomatik səylərə baxmayaraq, bölgədə hərbi gərginlik hələ də qalmaqdadır.
