BVF-dən Ukraynaya 690 milyon dollarlıq vəsaitin ayrılması üçün razılıq əldə olunub



Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynaya yönəlmiş kredit proqramının ilk icmal mərhələsini tamamlayaraq təxminən 690 milyon dollarlıq növbəti ödənişin edilməsi üçün rəsmilər səviyyəsində razılığa gəlib.

AFN.az xəbər verir ki, fond tərəfindən edilən rəsmi bəyanatda BVF və Ukrayna rəsmilərinin 8,1 milyard dollar dəyərindəki 4 illik Genişləndirilmiş Fond Mexanizmi (EFF) proqramının ilk qiymətləndirilməsi barədə işçi heyəti səviyyəsində ortaq məxrəcə gəldiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, BVF İcraiyyə Şurasının yekun təsdiqindən sonra rəsmi Kiyev təxminən 690 milyon dollar həcmində maliyyə resursunu əldə edə biləcək.

Qurumun hesabatında sözügedən maliyyə paketinin təsdiqlənəcəyi təqdirdə cari proqram çərçivəsində Ukraynaya edilən ümumi ödənişlərin həcminin 2,2 milyard dollara çatacağı vurğulanıb.

Bütün kəmiyyət performans meyarlarının və indikativ hədəflərin yerinə yetirildiyi bildirilən sənəddə birinci rüb üçün müəyyən edilmiş struktur göstəricilərindən ikisinin müəyyən gecikmə ilə icra olunduğu, birinin isə reallaşdırıla bilmədiyi ifadə edilib.

Bu səbəbdən proqramın planlaşdırılan xətt üzrə davam etməsini təmin etmək məqsədilə razılaşdırılmış islahatlar üçün yenidən işlənmiş qrafik, səhvləri aradan qaldırmağa yönəlmiş düzəliş addımları və əlavə siyasi öhdəliklər üzərində razılıq əldə olunduğu diqqətə çatdırılıb.

Müharibənin ölkə əhalisi və iqtisadiyyatı üzərində ağır yük olaraq qalması səbəbindən gələcək perspektivlərin hələ də qeyri-müəyyən qaldığına işarə edilən bəyanatda bütün çətin şərtlərə baxmayaraq, genişmiqyaslı xarici yardımlar sayəsində proqramın tam şəkildə maliyyələşdirildiyi vurğulanıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu