"Qalatasaray"ın 26-cı çempionluğu Brüsseldə coşqu ilə qeyd olundu
Türkiyə Super Liqasında mövsümü zirvədə tamamlayan "Qalatasaray" özünün 26-cı çempionluğunu Belçikanın paytaxtı Brüsseldə təşkil olunan möhtəşəm mərasimlə bayram edib.
AFN.az xəbər verir ki, İstanbul təmsilçisinin növbəti çempionluq sevinci Brüsselin tarixi mərkəzi sayılan "Grand-Place" meydanında yaşanıb. Avropanın müxtəlif ölkələrindən bura axışan minlərlə sarı-qırmızılı azarkeş bayraqlar və şüarlarla meydanı bürüyüblər.
Brüssel şəhər meriyasının eyvanına çıxan bələdiyyə sədri Filipp Kloz (Philippe Close) və "Qalatasaray" klubunun prezidenti Dursun Özbək meydanı dolduran tərəfdarları salamlayıblar.
Şəhərin dünyaca məşhur rəmzlərindən olan "Manneken Pis" heykəlinə ötən il də "Qalatasaray" forması geyindirildiyini xatırladan mer, bunun kluba uğur gətirdiyini bildirib və azarkeşlərlə bərabər "Cim-bombom" sədaları ucaldıb.
Dursun Özbək isə xaricdə yaşayan "Qalatasaray" azarkeşlərinin klubun uğurlarında böyük payı olduğunu vurğulayıb: "Ardıcıl dördüncü ildir ki çempion oluruq. Burada sizlərin rolu olduqca böyükdür. Birlik və bərabərliyimiz davam etdikcə daha neçə çempionluqları birlikdə qeyd edəcəyik. İndi isə artıq 27-ci çempionluğa hazırlaşırıq".
Çıxışının sonunda bələdiyyə sədri azarkeşlərə sürpriz edərək səhnəyə "Qalatasaray"ın belçikalı ulduz futbolçusu Dries Mertensi dəvət edib. Futbol karyerasına məhz Brüsselin "Anderlext" klubunda başlayan Mertens meydana oğlu Ciro ilə birlikdə çıxıb. Azarkeşlər təcrübəli oyunçuya uzun müddət sevgi nümayişi göstəriblər.
Kutlamalardan əvvəl Brüssel meriyasında rəsmi qəbul keçirilib. Qəbul zamanı Dursun Özbək bələdiyyə sədri Filipp Kloza və "Anderlext" klubunun rəhbəri Mixael Verşuerenə "Qalatasaray" forması hədiyyə edib. Mer Filipp Kloz Türk azarkeşlərinin komandalarına olan bağlılığına heyran qaldığını gizlətməyərək, Türkiyə milli komandasına qarşıdakı Dünya Çempionatında uğurlar arzulayıb.


