Qalatasaray 26-cı dəfə Türkiyə çempionu oldu
Türkiyə Super Liqasının 33-cü həftəsində "Qalatasaray" öz meydanında "Antalyaspor"u 4:2 hesabı ilə məğlub edərək 26-cı çempionluğunu elan edib.
AFN.az xəbər verir ki, liqada qalmaq uğrunda mübarizə aparan rəqibi qarşısında çətin anlar yaşayan "sarı-qırmızılılar" qarşılaşmadan qələbə ilə ayrılaraq növbəti çempionluğunu qazanıblar.
Bununla da "Qalatasaray" baş məşqçi Okan Burukun rəhbərliyi altında ardıcıl 4-cü dəfə çempionluq sevinci yaşayıb.
Bu uğurla "Qalatasaray" Türkiyə Super Liqası tarixində özünə məxsus olan ardıcıl çempionluq rekordunu təkrarlayıb.
Daha əvvəl Fatih Terimin rəhbərliyi ilə 1996-2000-ci illər arasında ardıcıl 4 dəfə çempion olan klub həmin dövrdə futbolçu kimi çıxış edən Okan Burukun məşqçiliyi ilə eyni nailiyyətə yenidən imza atıb.
"Cimbom" türk futbol tarixində ikinci dəfə 4 mövsüm dalbadal çempion olma bacarığını nümayiş etdirib.
Digər tərəfdən, çempionluğu əldə edən "Qalatasaray" gələn mövsüm birbaşa UEFA Çempionlar Liqasının 36 komandalı liqa mərhələsində iştirak edəcək.
Bu iştirak kluba həm böyük gəlir qazandıracaq, həm də Avropa arenasında növbəti sınaq imkanı verəcək.
Qeyd edək ki, "sarı-qırmızılılar" bu mövsüm "Nəhənglər Liqası"nda 1/8 final mərhələsinə qədər yüksəlməyi bacarmışdı.



