Putin Rusiya gəmilərinin ələ keçirilməsi cəhdlərinə qarşılıq verilməsini əmr edib



Rusiya Prezidenti Vladimir Putin Rusiya Hərbi Dəniz Qüvvələrinə Rusiya gəmilərinin ələ keçirilməsi cəhdlərinə qarşılıq verməyi əmr edib.

 AFN.az xəbər verir ki, Putin “Bu istiqamətdə aparılan işlərin effektiv olacağına ümid edirəm” deyib.

Kremldən verilən açıqlamaya görə, Prezident Vladimir Putin Rusiya Hərbi Dəniz Qüvvələri Günü münasibətilə Rusiyanın Sankt-Peterburq şəhərində hərbi rəsmilərlə görüşüb.

Görüşdə Rusiya Hərbi Dəniz Qüvvələrinin komandanı Aleksandr Moiseyev və donanma komandirləri Putinlə əməliyyat vəziyyəti və yerinə yetirilən tapşırıqlar barədə məlumat veriblər.

Putin burada çıxışı zamanı Rusiya gəmilərinin ələ keçirilməsi cəhdlərinə qarşılıq verilməsini əmr edərək, “Bədxah şəxslər ticarət donanması da daxil olmaqla, donanmamıza təsir göstərməyə cəhd edirlər. Belə hallarda piratçılıqla beynəlxalq dəniz hüququ çərçivəsində, lakin qətiyyətlə mübarizə aparmaq lazımdır. Bu istiqamətdə aparılan işlərin effektiv olacağına ümid edirəm” ifadələrini işlədib.

Kalininqrad vilayətinə yönələn təhdidlərə qarşılıq verəcəklərini vurğulayan Putin “Kalininqrad vilayətinin təhlükəsizliyi Rusiyanın malik olduğu bütün imkanlarla təmin ediləcək” deyib.

Rusiya Hərbi Dəniz Qüvvələrinə bağlı birliklərin Ukraynadakı döyüşlərdə iştirak etdiyinə diqqət çəkən Putin “Dəniz piyadaları hər zaman irəliləyir və bu il Ukraynada 20-dən çox yaşayış məntəqəsini azad edib” deyə bildirib.

Vladimir Putin Rusiya donanmasını inkişaf etdirməyə və gəmiləri müasir silahlarla təchiz etməyə davam edəcəklərini bildirərək, “Donanmamız nüvə üçlüyündə böyük əhəmiyyətə malikdir” qiymətləndirməsini verib.

Ukraynanın qərb hissəsindəki torpaqların keçmiş Sovet İttifaqı lideri İosif Stalin tərəfindən Ukraynaya hədiyyə edildiyini qeyd edən Putin “Əminəm ki, Ukrayna gec-tez bu torpaqları itirəcək. Bunlar Polşa, Macarıstan və Rumıniyaya məxsus idi. Hər şey bu gün, sabah və ya bir neçə ildən sonra tarixi baxımdan öz yerini tapacaq” ifadələrini işlədib.

Prezident Putin “Rusiyanın daha əvvəl Ukraynanın ərazi bütövlüyünün yeganə təminatçısı olduğunu, lakin Kiyevin Rusiyanı düşmən hesab etməyi seçdiyini” söyləyib.

Ukraynadakı müharibədə qələbə qazanmaq üçün əllərindən gələni edəcəklərini bildirən Putin, xüsusi hərbi əməliyyatın gec-tez başa çatacağını deyib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu