İngiltərədə 2025-ci ilin iyul-oktyabr aylarında təxminən hər 5 gündən bir məscidlərə hücum edilib – HESABAT
İngiltərədə müsəlmanlara qarşı nifrət cinayətlərinin monitorinqi üzrə hökumətin rəsmi tərəfdaşlarından olan British Muslim Trust (BMT) tərəfindən yayımlanan hesabat 2025-ci ilin iyul-oktyabr aylarında ölkədə təxminən hər 5 gündən bir məscidlərin hücuma məruz qaldığını ortaya qoyub.
AFN.az xəbər verir ki, BMT-nin "Bölünmə yayı: Müsəlmanlara qarşı nifrətdə ölkə üzrə artım" adlı hesabatında qeyd olunub ki, 2025-ci ilin iyul-oktyabr aylarında ölkə üzrə məscidlərə və müsəlman icma mərkəzlərinə qarşı törədilmiş 27 müsəlman əleyhinə nifrət hadisəsi təsdiqlənib.
Hesabatda vurğulanıb ki, bu hadisələr nəticəsində 25 fərqli məscid birbaşa zərər görüb. Bildirilib ki, hücumlar 23 şəhər və qəsəbədə qeydə alınıb. Eyni zamanda, Wirral, Epsom və Watford bölgələrində məscidlərin təkrar və ya ardıcıl şəkildə hədəf seçildiyi diqqətə çatdırılıb.
Hesabata əsasən, 2025-ci ilin iyul-oktyabr aylarında ölkədə təxminən hər 5 gündən bir məscidlər hücuma məruz qalıb.
Hücumlarda bayraqlardan, xaçlardan və xristian simvollarından istifadə olunub. Məscidlərə qarşı həyata keçirilən hücumların 41 faizində qorxu yaratmaq məqsədilə xaçlardan, Birləşmiş Krallıq bayraqlarından, Müqəddəs Corc bayraqlarından və ya xristian simvolları və şüarlarından istifadə edildiyi bildirilib.
Hadisələrin 26 faizi isə pəncərələrin sındırılması, fiziki hücum və qəsdən yandırma daxil olmaqla zorakılıq xarakteri daşıyıb.
Hesabatda qeyd olunub ki, iyul ayından oktyabr ayınadək hücumlar tək-tək vandalizm hallarından koordinasiyalı, simvolik təhdid və zorakılıq xarakterli hücumlara çevrilib. Xüsusilə qəsdən yandırma və eyni məkanların təkrar hədəfə alınması hallarının artdığı bildirilib.
Müsəlmanların cəmiyyətə mənsubluğu sual altına qoyulub. Hesabatda vurğulanıb ki, bir çox müsəlman üçün bu hadisələr təsadüfi vandalizm və ya vətənpərvərlik nümayişi kimi deyil, dini inanclarına görə İngiltərə cəmiyyətindəki yerlərinin sorğulanması, təhqir, təzyiq və qorxutma cəhdləri kimi qiymətləndirilir.
BMT məscidlərə qarşı hücumlarla bağlı yerli polis, bələdiyyələr və digər aidiyyəti qurumları zərərçəkənlərə və icmalara daha operativ və güclü dəstək göstərməyə, məscidlərə qarşı nifrət cinayətləri üçün sürətli müdaxilə mexanizmləri yaratmağa və dövlət qurumları arasında məlumat mübadiləsini gücləndirməyə çağırıb.




