İngiltərədə qapıçıların taktiki fasilələrinin qarşısını almaq üçün yeni qayda sınaqdan keçiriləcək
İngiltərə Futbol Assosiasiyası bu mövsümdən etibarən qapıçıların taktiki məqsədlə zədələnmə fasilələrindən istifadə etməsinin qarşısını almaq üçün yeni qaydanı sınaqdan keçirəcək.
AFN.az xəbər verir ki, İngiltərə Futbol Assosiasiyasının yaydığı açıqlamada bildirilib ki, 2026-2027-ci il mövsümündən etibarən oyunun tempini və axıcılığını qorumağı hədəfləyən yeni qaydaların tətbiqi üçün Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) təsdiqi alınıb.
Yeni qaydalara əsasən, oyun qapıçının zədələnməsi səbəbindən dayandırılarsa, qarşılaşma yenidən başladıqdan sonra meydandakı komanda yoldaşlarından biri ən azı bir dəqiqə ərzində oyun meydanından kənarda qalmalı olacaq.
Toqquşma, qanaxma və ya ciddi zədə halları isə bu qaydanın istisnası olacaq və həmin vəziyyətlərdə məhdudiyyət tətbiq edilməyəcək.
Bu mövsümdən etibarən hakimlər futbolçuların aut atışı və ya qapı zərbəsini qəsdən gecikdirməsinin qarşısını almaq məqsədilə 5 saniyəlik geri sayım tətbiq edəcəklər.
Müəyyən olunmuş vaxt başa çatarsa, hakim aut atışını rəqib komandaya verə və ya qapı zərbəsinin gecikdirilməsi səbəbindən rəqib komandanın xeyrinə künc zərbəsi təyin edə biləcək.
Futbolçu əvəzlənməsi zamanı meydanı tərk edən oyunçular üçün də 10 saniyəlik vaxt limiti müəyyən olunacaq. Bu müddət aşılarsa, onu əvəz edəcək futbolçu dərhal oyuna daxil ola bilməyəcək. O, yalnız oyun dayandırıldıqdan və ən azı bir dəqiqə keçdikdən sonra meydançaya buraxılacaq.
İngiltərə Premyer Liqasının rəhbərliyi bu qaydaların qadın futbol liqalarında da tətbiq ediləcəyini vurğulayıb.

