Netanyahu ilə Trampın gözlənilən görüşünün təfərrüatları bəlli olub
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla iyulun 28-nə planlaşdırılan görüşü zamanı Vaşinqtonun İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa edəcəyi təqdirdə, bu ölkənin ərazisinə yeni zərbələrin endirilməsi planlarını təqdim etmək niyyətindədir.
AFN.az xəbər verir ki, bu barədə ABŞ-ın "Al-Monitor" portalı mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, söhbət İsrail Silahlı Qüvvələrinin İranın sənaye obyektlərinə, körpülərinə və dəmir yolu infrastruktura zərbələr endirməsini nəzərdə tutan yeni əməliyyat planlarından gedir. Mənbələr qeyd edir ki, Netanyahu ictimaiyyət qarşısında İsrailin ABŞ-ın İrana qarşı cari hərbi kampaniyasında iştirakını qabartmamağa çalışsa da, Vaşinqtonla özəl danışıqlarda bu ideyanı fəal şəkildə dəstəkləyir.
Danışıqların əsas məqsədlərindən biri İrandakı hərbi əməliyyatlar, həmçinin Livan və Qəzza zolağı ilə bağlı yaranmış fikir ayrılıqları fonunda zədələnən şəxsi münasibətləri bərpa etməkdir.
İsrailin "N12" telekanalının məlumatına görə, Vaşinqtonda baş tutacaq bu görüş Trampın Ağ Evə qayıdışından sonra iki lider arasında sayca 8-ci təmas olacaq. Səfərdən əvvəl Netanyahu jurnalistlərə açıqlamasında gündəlikdə duran bütün məsələləri, ilk növbədə isə İran mövzusunu müzakirə edəcəyini bəyan edib.
