Netanyahu Trampdan Türkiyəyə silah satmamağı xahiş edib - media
İsrailin Baş naziri Binyamin Netanyahu Cümə günü Prezident Donald Trampla söhbətində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın anti-İsrail ritorikasını kəskinləşdirməsindən şikayətlənib.
AFN.az xəbər verir ki, bu barədə "Axios" portalı İsrail və ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Bildirilir ki, bu həftə Ankarada keçiriləcək NATO sammitində Ərdoğanla görüşməyə hazırlaşan Trampdan Netanyahu xüsusi bir xahiş də edib. İsrail Hökumət başçısı ABŞ liderini Türkiyə Hərbi Hava Qüvvələrinin modernləşdirilməsinə kömək edə biləcək silah sistemlərinin bu ölkəyə satışından çəkinməyə çağırıb.
Qeyd olunur ki, Qəzzada və İranda baş verən hərbi əməliyyatlar fonunda son iki ildə İsrail və Türkiyə arasında gərginlik kəskin şəkildə artıb. Bununla belə, Tramp həm Netanyahu, həm də regionda ABŞ-nin mühüm müttəfiqi olan Ərdoğanla sıx dostluq əlaqələrini saxlayır.
