2026-cı il Dünya Çempionatında yeni sərt qaydalar tətbiq ediləcək



Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) Vankuverdə keçirilən FIFA Konqresi öncəsi 2026-cı il Dünya Çempionatında tətbiq olunacaq radikal qayda dəyişikliklərini təsdiqləyib.

AFN.az xəbər verir ki, iyun ayında başlayacaq turnirdə rəqibi ilə mübahisə edərkən ağzını örtən və ya hakim qərarına etiraz olaraq meydanı tərk edən oyunçular birbaşa qırmızı vərəqə ilə cəzalandırıla biləcəklər. IFAB bu qaydaların digər liqa və turnirlərdə tətbiqini məcburi hesab etməyərək qərarı təşkilatçıların ixtiyarına buraxsa da, Dünya Çempionatında bu qaydalar qəti şəkildə qüvvədə olacaq.

Etiraz məqsədilə meydanı tərk etmə qaydası 2026-cı il Afrika Millətlər Kubokunun (AFCON) finalında baş verən hadisələrdən sonra gündəmə gəlib. SeneqalMərakeş arasındakı final matçında mübahisəli penalti qərarından sonra seneqallı futbolçular meydanı tərk etmişdilər. Yeni protokollara əsasən, hakim qərarına etiraz olaraq meydanı tərk edən oyunçular, habelə onları buna təşviq edən komanda rəsmiləri birbaşa qırmızı vərəqə alacaqlar. Oyunun yarımçıq qalmasına səbəb olan komandaya isə prinsip etibarilə texniki məğlubiyyət veriləcək.

Oyunçuların danışarkən ağızlarını örtməsinin qadağan edilməsi isə xüsusilə irqçi təhqirlərin gizlədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bu qərar fevral ayında "Real Madrid"in futbolçusu Vinisius Juniorun "Benfika"nın oyunçusu Canluka Prestianni tərəfindən ağzı qapalı vəziyyətdə irqçi təhqirə məruz qaldığını iddia etməsindən sonra sürətlənib. Prestianni bu hərəkətinə görə UEFA-dan 6 oyunluq cəza alıb. FIFA Prezidenti Canni İnfantino "gizlədəcək bir şeyi olmayan şəxsin ağzını örtməsinə ehtiyac yoxdur" deyərək bu növ davranışlara qarşı sərt sanksiyaların tərəfdarı olduğunu bildirib. Bununla belə, Avropa liqaları irqçi hücuma məruz qaldığı üçün meydanı tərk edən oyunçunun qırmızı vərəqə almasının ədalətsiz ola biləcəyi ilə bağlı narahatlıqlarını ifadə edirlər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu