FIFA təkzib etdi: İnqilabi dəyişikliklər olmayacaq
Bir neçə gün əvvəl FIFA-nın futbolda inqilabi dəyişikliklərə hazırlaşdığı barədə xəbər yayılmışdı.
İlk olaraq "El Mundo Deportivo"nun yaydığı xəbərdə bildirilirdi ki, ali futbol qurumu oyun vaxtı, aut atışları, oyunçu dəyişikliyi, sarı vərəqə ilə bağlı radikal dəyişikliklərə hazırlaşır. Bu xəbərdər sonra futbol ictimaiyyəti arasında ciddi narazılıq baş qaldırmış, futbol qurumu sərt şəkildə tənqid olunmuşdu.
Fanat.Az xəbər verir ki, futbol qurumu xəbərlə bağlı açıqlama yayaraq iddiaları təkzib edib.
"FIFA-nın Niderlandda oynanılan gənclər arasında bir turnirdə oyun qaydalarında eksperimentlər aparması barədə yayılan yanlış xəbərlərə aydınlıq gətirmək istəyirik. FIFA hazırda adıçəkilən dəyişikliklərin hər hansı birini sınaqdan keçirmir. Bu dəyişikliklər nə FIFA, nə də İFAB-dakı həmkarlarımız tərəfindən müzakirə edilmir", - deyə qurumdan bildirilib.
Qeyd edək ki, FIFA-nın futbolla bağlı aşağıdakı 5 dəyişikliyə hazırlaşdığı deyilirdi:
1. Yeni nəslin 90 dəqiqə davam edən matçları izləməyə marağı olmadığını nəzərə alan FİFA bu vaxtı 60 dəqiqəyə endirmək istəyir.
2. Hissələrin vaxtı 45-dən 30 dəqiqəyə endiriləcəyi təqdirdə, futbolda da basketbolda olduğu kimi top meydanı hər tərk etdiyində hakim zamanı saxlayacaq.
3. Pandemiya dövründə 3-dən 5-ə yüksəldilən oyunçu dəyişikliyi sayında da yenidən dəyişiklik ola bilər. Baş məşqçinin etdiyi dəyişiklərlə oyunun gedişinə daha çox fayda vermək və daha çox futbolçunun meydanda olmasına şans yaratmaq üçün oyunçu dəyişikliyini limitsiz etmək planlaşdırılır.
4. Auta çıxan topu futbolçuların əllə yox ayaqla oyuna daxil etməsi məsələsi də gündəmdədir. Ayaqla oyuna daxil edilən topun hücum yaratmağa daha əlverişlli olduğunu düşünən FIFA futbolçular rəqibə əlverişli şərait yaratmamaq topu daha çox meydanda saxlamağa çalışacağını zənn edir.
5. Hakimin futbolçunu xəbərdarlıq etmək üçün istifadə etdiyi sarı vərəqə ilə bağlı da dəyişiklik ola bilər. Buz xokkeyində olduğu kimi futbolda da müvəqqəti cəza tədbiq olunacaq. Sarı vərəqə göstərilən oyunçu meydandan 5 dəqiqəlik uzaqlaşdırılıb, sonra yenidən oyuna daxil olacaq.