Macarıstan Ukraynanın Aİ-yə üzvlüyü üzrə iki bənd üzrə danışıqları bloklayıb
Macarıstan texniki məsləhətləşmələr zamanı Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı iqtisadi və sosial məsələləri əhatə edən iki bənd üzrə danışıqların başlamasını bloklayıb.
AFN.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Financial Times" (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Budapeşt vahid bazara inteqrasiya, həmçinin iqtisadi və sosial siyasətin genişləndirilməsini nəzərdə tutan ikinci və üçüncü klasterlərin açılmasını təxirə salıb. Mövcud vəziyyətdə Aİ rəsmiləri hesab edirlər ki, Macarıstanın mövqeyini dəyişmək üçün ona "siyasi təsir" göstərilməsi tələb olunacaq.
Bununla yanaşı, Budapeşt Ukraynanın birliyə sürətləndirilmiş qaydada qəbul edilməsinin əleyhinə çıxış edir. Macarıstanın adı açıqlanmayan nümayəndəsinin sözlərinə görə, Kiyevə İttifaqa daxil olmaq üçün illərdir Aİ tələblərini yerinə yetirməyə çalışan Qərbi Balkan namizədlərindən daha imtiyazlı yanaşma tətbiq edilməməlidir.
Qeyd edək ki, Aİ-yə üzvlük üzrə danışıqlar prosesi 33 bölmədən ibarətdir və bunlar 6 klasterdə birləşdirilib. Danışıqların başlaması hər hansı vaxt çərçivəsi müəyyən etmir və üzvlüyə zəmanət vermir.


