Kolumbiya prezidenti narkotik kartellərinin ona sui-qəsd hazırladığını deyir

Kolumbiya hakimiyyəti narkotik kartellərinin prezident Qustavo Petronu təyyarəsini vuraraq öldürməyi planlaşdırdığından şübhələnir.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə dövlət başçısı Qustavo Petronun özü məlumat verib.
“General Triana, siz buna son qoymalısınız. Mən qorxulu olduğunu bilirəm. Bildiyiniz kimi, mənim təyyarəmi narkotik alverçilərinin aldığı raketlə vurmaq istəyirlər. Onların bir yox, iki raketi var və biz onların kim olduğunu bilirik" - deyə Petro yeni polis rəisi Karlos Triananın andiçmə mərasimində bildirib.
Prezident hesab edir ki, narkotik kartelləri onu öldürmək istəyir, çünki ölkə hökuməti dünyanın ən böyük mafiya qruplarının arxasınca gedir.
Bu, Petronun ona qarşı sui-qəsd cəhdindən danışması ilk dəfə deyil. Ötən il iyulun 20-də prezident bayram hərbi paradına nəzərdə tutulan vaxtdan üç saat gec gəlib. Ertəsi gün dövlət başçısı “X” sosial şəbəkəsində yazıb ki, ABŞ səfirliyindən alınan məlumatları yoxlamalı olub deyə gecikib. Avqustun 8-də Kolumbiyanın müdafiə naziri İvan Velaskes səlahiyyətlilərin mümkün sui-qəsd cəhdi ilə bağlı məlumatlara malik olduğunu təsdiqləyib, lakin təfərrüatları açıqlamayıb.