Fransadakı meşə yanğını İkinci Dünya müharibəsindən qalan sursatları üzə çıxardı
Fransanın cənubunda baş verən meşə yanğını Jirond bölgəsinə bağlı Le Porj kəndində İkinci Dünya müharibəsi dövrünə aid yüzlərlə hərbi sursatın aşkar edilməsinə səbəb olub.
AFN.az xəbər verir ki, yanğından sonra ərazidə 400 ədəd tarixi döyüş sursatı və minaatan mərmisi üzə çıxıb.
Yerli yanğınsöndürmə xidmətinin məlumatına görə, yanğın zamanı eşidilən və əvvəlcə qaz balonlarının partlaması hesab edilən səslərin, əslində yüksək temperaturun təsiri ilə partlayan İkinci Dünya müharibəsinə aid sursatlardan qaynaqlandığı müəyyən edilib.
Le Porj bələdiyyəsinin sədri Martial Zaninetti bildirib ki, yanğının ikinci gecəsində 100-dən çox partlayış səsi eşidilib. O, yaşananları "müharibə səslərinə bənzəyirdi" sözləri ilə təsvir edib.
Yanğın nəticəsində bölgədə 180-dən çox evə ziyan dəyib.
Yerli rəhbərlik sursat anbarından xəbərsiz olub. Bələdiyyə sədri bildirib ki, sursatlar partlayışların təsiri ilə ətrafa səpələnib və hətta mərmilərdən biri yaşayış evlərindən birinin içərisinə düşüb.
Minalardan təmizləmə qruplarının müdaxiləsindən sonra sakinlərin böyük hissəsi evlərinə qayıtmağa başlayıb. Bununla belə, okean sahili, düşərgə ərazisi və La Jenny kəndi kimi bəzi bölgələrə girişə qoyulan məhdudiyyətlər qüvvədə qalır.
Fransa mətbuatının məlumatına görə, aşkar edilən tarixi sursatlar həm Fransa, həm də Almaniya ordularına məxsus olub. Onların arasında minaatan və tank əleyhinə mərmilər də var.
Jirond bölgəsində təxminən 10 gün davam edərək geniş ərazini külə çevirən meşə yanğını artıq nəzarət altına alınıb. Təxliyə edilən sakinlər mərhələli şəkildə evlərinə qayıdır, ərazidə axtarış və təhlükəsizlik tədbirləri isə davam etdirilir.

