Brent markalı neftin bir bareli 84,85 dollardan satılır
Beynəlxalq əmtəə bazarlarında Brent markalı neftin bir barelinin qiyməti 84,85 dollara yüksəlib.
AFN.az xəbər verir ki, London ICE birjasında Brent markalı neftin oktyabr fyuçersləri üzrə bir barelin qiyməti əvvəlki bağlanışla müqayisədə 1,29 faiz artaraq 84,85 dollar olub.
Ötən gün bir bareli 84,66 dollara qədər yüksələn Brent markalı neft günü 83,77 dollar səviyyəsində başa vurmuşdu.
Eyni vaxtda ABŞ-ın WTI markalı xam neftinin sentyabr fyuçersləri üzrə bir barelin qiyməti 80,83 dollar təşkil edib.
Neft qiymətlərində artıma Yaxın Şərqdə sülh danışıqlarının davam etməsinə baxmayaraq, bölgədə münaqişələrin yenidən alovlanacağı və neft tədarükündə fasilələrin yarana biləcəyi ilə bağlı narahatlıqlar təsir göstərib.
ABŞ ilə İran arasında davamlı razılaşmanın əldə olunması məqsədilə Körfəz ölkələrinin də iştirakı ilə aparılan danışıqlarda hələlik konkret nəticənin əldə edilməməsi də qiymətləri dəstəkləyən əsas amillərdən biri kimi qiymətləndirilir.
Son günlər geosiyasi gərginlik müəyyən qədər azalsa da, davamlı sülhlə bağlı müsbət irəliləyişin olmaması və Tehran administrasiyasından aydın siqnalların verilməməsi bazar iştirakçılarının yeni qarşıdurma ehtimalı ilə bağlı narahatlığını artırır.
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən imzalama mərasimindən sonra jurnalistlərə açıqlamasında İranla danışıqların yenidən başladığını və hazırda davam etdiyini bildirib. O, İranın danışıqlarla bağlı ziddiyyətli açıqlamalar verdiyini iddia edib.
Tramp qeyd edib: "Hazırda İranın istəyi ilə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və digər ölkələrin dəstəyi ilə danışıqlar aparırıq. Bu, onların yaxşı razılaşma əldə etməsi üçün son şansdır."
ABŞ Prezidenti əlavə edib ki, adıçəkilən Körfəz ölkələri tərəfindən hücumların dayandırılması ilə bağlı müraciət edilməsəydi, İkinci Dünya müharibəsindən sonra ən böyük hücumlardan birinə başlamağa hazır idi. Onun sözlərinə görə, həmin ölkələrin zəngindən sonra hücum qərarı dayandırılıb.
Həftənin ilk iş günündə Trampın İranla danışıqların bərpa olunacağını və razılaşmanın əldə ediləcəyinə nikbin baxdığını açıqlamasından sonra neft qiymətləri kəskin ucuzlaşmışdı.
ABŞ ilə İran arasında gərginliyin yenidən artacağı təqdirdə Hörmüz boğazı vasitəsilə həyata keçirilən neft daşımalarının pozula biləcəyi ilə bağlı narahatlıqlar qiymətləri dəstəkləməyə davam edir. Bölgədə ticarət gəmilərinin təhlükəsizliyi ilə bağlı risklərin qalması da bazarda təkliflə bağlı narahatlıqları artırır.
Digər tərəfdən, OPEC+ ölkələrinin sentyabr ayından etibarən neft hasilatını artırmaq qərarı bazara əlavə təklifin daxil olacağı gözləntilərini gücləndirdiyi üçün qiymətlərdəki artımı müəyyən qədər məhdudlaşdırır.
OPEC-in açıqlamasına görə, Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman nümayəndələrinin onlayn iclasında 2023-cü ilin aprelində elan olunan gündəlik 1,65 milyon barellik könüllü hasilat ixtisarları çərçivəsində sentyabr ayından etibarən ümumi hasilatın gündəlik 188 min barel artırılması qərara alınıb. Qrupun növbəti iclası sentyabrın 6-da keçiriləcək.
Texniki təhlillərə görə, Brent markalı neft üçün 85,02 dollar müqavimət, 84,34 dollar isə dəstək səviyyəsi hesab olunur.

