ABŞ-da təxminən 1 milyon dollarlıq kriptovalyutanı mənimsədiyini etiraf edən FTB agenti məhkəməyə verildi
ABŞ Federal Təhqiqat Bürosunun (FTB) əks-kəşfiyyat bölməsində çalışan agent barəsində istintaq zamanı əldə edilən giriş məlumatlarından istifadə edərək şübhəliyə məxsus hesabdan təxminən 1 milyon dollar dəyərində kriptovalyuta mənimsədiyini etiraf etməsindən sonra cinayət işi açılıb.
AFN.az xəbər verir ki, bu barədə The New York Times (NYT) məhkəmə sənədlərinə istinadən məlumat yayıb.
Məlumata görə, Vaşinqtonda FBI-da çalışan təcrübəli agent Patrik Yaroç (Patrick Yaroch) barəsində "oğurlanmış əmlakı saxlama" ittihamı ilə məhkəmə iddiası qaldırılıb.
Məhkəmə sənədlərində bildirilir ki, Yaroç "vicdan əzabı çəkdiyini" deyərək ötən həftə ABŞ Ədliyyə Nazirliyinin əməkdaşlarından birinə törətdiyi əməli etiraf edib.
Sənədlərə əsasən, agent bu hərəkətin "onu daxilən narahat etdiyini" və artıq "ürəyini boşaltmaq istədiyini" bildirib.
Yaroç mənimsədiyi kriptovalyutaların şəxsi vəsaitləri ilə qarışdığını, buna görə də dəqiq məbləği bilmədiyini, lakin ümumi məbləğin 1 milyon dollardan az olduğunu düşündüyünü deyib.
Bununla yanaşı, istintaq qrupu agentin rəqəmsal cüzdanında təxminən 1 milyon dollar dəyərində kriptovalyuta aşkar edib.
Məhkəmə materiallarına görə, Yaroç 2024-cü ilin sonu və ya 2025-ci ilin əvvəlindən etibarən 10-12 əməliyyat vasitəsilə vəsaiti çıxardığını etiraf edib. O bildirib ki, FBI-ın apardığı istintaq zamanı əldə edilən giriş məlumatlarından istifadə edərək şübhəlinin hesabından köçürmələr həyata keçirib.
FBI sözçüsü açıqlamasında bildirib ki, ittihamlar məlum olduqdan dərhal sonra qurum hərəkətə keçib, Patrik Yaroçun vəzifəsinə xitam verilib və hadisə ilə bağlı genişmiqyaslı araşdırma başladılıb.
Digər tərəfdən, məhkəmə sənədlərində istintaqçıların Yaroçun internet axtarış tarixçəsində ChatGPT-yə etdiyi bir sorğunu da aşkarladığı qeyd olunur. Sənədlərə əsasən, o, 40 yaşlarında təqaüdə çıxmaq, İtaliyanın Çilento bölgəsində və ya Portuqaliyanın Dao bölgəsində daha sakit üzümçülük və kənd təsərrüfatı həyatı qurmaq istədiyini yazaraq, 1 milyon dolları necə investisiya etməsi barədə tövsiyə istəyib.
