ABŞ və Britaniyadan 14 milyard dollarlıq Bitcoin əməliyyatı


ABŞ hökuməti Kamboca mərkəzli Prens Qrupu və qurucusu Çen Zhi-nin idarə etdiyi iddia olunan iri kriptovalyuta fırıldağına qarşı əməliyyat çərçivəsində 14 milyard dollardan çox Bitcoin müsadirə edib. Çen Zhiyə Nyu-Yorkda fırıldaqçılıq və çirkli pulların yuyulması ittihamları ilə məhkəmə işi açılıb.

ABŞ Ədliyyə Nazirliyi (DOJ) Çen Zhini genişmiqyaslı kiberfırıldaq imperiyası qurmaqda ittiham edir. Bildirilir ki, şirkət Kambocadakı 10 müxtəlif mərkəzdə minlərlə insanı zorla işlədərək saxta investisiya vədləri ilə dünyada on minlərlə insanı aldadıb.

Məhkəmə sənədlərinə görə, bu mərkəzlərdə 76 min saxta sosial media hesabı idarə olunub. İşçilərə isə qurbanlarla etimad qurmaq üçün “çox cazibədar” qadın şəkillərindən istifadə etməmək kimi göstərişlər verilib.

ABŞ və Britaniya Çen Zhi və Prens Qrupuna bağlı şirkətlərə sanksiyalar tətbiq edib. Britaniya hökuməti Çenə məxsus Londondakı 19 əmlakı dondurub. Bunlar arasında 100 milyon funt yaxınlığında ofis binası və 12 milyon funtluq villa var.

DOJ bildirir ki, Çen və komandası fırıldaqdan əldə etdikləri pulla lüks təyyarələr, bahalı saatlar və hətta Picasso tablosu alıb. Çen Zhi günahkar bilinərsə, 40 ilədək həbs cəzası ala bilər.

ABŞ Milli Təhlükəsizlik Baş Prokuroru müavini Con A. Aysenberq Prens Qrupunu “insan acısı üzərində qurulmuş cinayət şəbəkəsi” adlandırıb. Britaniya Xarici İşlər Naziri İvet Kuper isə bildirib ki, bu şəxslər müdafiəsiz insanları həyat yığımından məhrum edib və Londondakı əmlakları pul yuma mərkəzinə çevirirdilər.

Britaniya Xarici İşlər Nazirliyi Prens Qrupu, Jin Bei Group, Golden Fortune Resorts World və Byex Exchange şirkətlərinə sanksiyalar tətbiq etdiyini açıqlayıb.

Amnesty International-ın hesabatına görə, bu mərkəzlərdə işçilər zorla saxlanılır, işgəncəyə məruz qalır və onlayn fırıldaqçılığa məcbur edilirdilər. İşçilərin əksəriyyəti ölkəyə qanuni iş vədi ilə gətirilən xarici işçilər olub, lakin sonradan zorla fırıldaq fəaliyyətlərinə cəlb olunublar.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu