Avropa 2024-cü ildə ən isti ili yaşadı


Avropa İttifaqının (Aİ) peyk monitorinq sistemi olan Kopernik 2024-cü ilin Avropa üçün qeydə alınan ən isti il olduğunu açıqlayıb.



Kopernik İqlim Dəyişikliyi Xidməti və Dünya Meteorologiya Təşkilatı (WMO) tərəfindən hazırlanan 2024-cü il Avropa İqlim Vəziyyəti (ESOTC 2024) hesabatı ictimaiyyətlə paylaşılıb.

Müvafiq olaraq, Avropa "ən sürətli istiləşən qitə" kimi fərqlənib. 2024-cü il Avropa üçün ən isti il ​​olub.

Qitənin mərkəzi, şərq və cənub-şərq bölgələrində rekord temperatur qeydə alınıb.

Bütün il ərzində Avropa regionunda dənizin temperaturu orta səviyyədən 0,7 dərəcə yüksək olub. Sözügedən temperatur Aralıq dənizi üçün orta səviyyədən 1,2 dərəcə yuxarı ölçülüb ki, bu da rekord göstəriciyə uyğundur.

İl boyu şərq və qərb bölgələrində iqlim şəraitində təzadlar müşahidə olunub. Şərqdə həddindən artıq quru və tez-tez rekord temperaturlara, qərbdə isə isti, lakin yağışlı şəraitə rast gəlinib.

Qərbi Avropa 1950-ci ildən bəri təhlil edilən dövrdə ən yağışlı onilliklərdən birini yaşayıb.

Bütün qitədə fırtına və daşqınlar Avropada təqribən 413 min insana təsir edib və ən azı 335 nəfərin ölümünə səbəb olub.

Sentyabr ayında Portuqaliyada baş verən yanğınlar bir həftə ərzində təxminən 1100 kvadrat kilometr ərazini məhv edib ki, bu da Avropanın ümumi illik yanmış ərazisinin təxminən dörddə birini təşkil edir.

Avropada təxminən 42 min insanın meşə yanğınlarından zərər çəkdiyi təxmin edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu