Qlobal bazarlarda sülh nikbinliyi
Qlobal maliyyə bazarlarında ABŞ ilə İran arasında müharibəyə son qoyacaq sazişin əldə olunması istiqamətindəki irəliləyişlər və ABŞ-da açıqlanan özəl sektor məşğulluğu göstəricilərinin işçi qüvvəsi bazarında müsbət dinamikaya işarə etməsi risk iştahını artırıb.
AFN.az xəbər verir ki, Yaxın Şərqdə qalıcı sülhün təmin edilə biləcəyinə dair yaranan ümidlər birjalara yeni nəfəs gətirib.
Hər nə qədər tərəflərin sərt bəyanatları zaman-zaman danışıqlar masasında gərginlik yaratsa da, rəsmi şəxslərin yekun razılaşma hədəfinə sadiq qalması sülh gözləntilərini canlı saxlayır. ABŞ Prezidenti Donald Tramp İranın saziş bağlamaqda çox istəkli olduğunu və son 24 saat ərzində aparılan müzakirələrin kifayət qədər məhsuldar keçdiyini bildirərək, razılığın əldə olunmasını çox mümkün hesab etdiyini vurğulayıb.
Eyni zamanda Tehran tərəfi Hörmüz boğazı və region sularında gəmilərin ehtiyaclarını qarşılamağa hazır olduqları mesajını verib. Bu hadisələrin fonunda qalıcı sülhün Hörmüz boğazı vasitəsilə neft ixracını sürətləndirəcəyi ehtimalı yanacağın qiymətində ucuzlaşmaya səbəb olub, güclü korporativ hesabatlar isə bazardakı müsbət ovqatı daha da gücləndirib.
Brent markalı neftin bir bareli son altı ticarət sessiyasından sonra ilk dəfə 100 dollardan aşağı düşərək günü 100,4 dollar səviyyəsində tamamlayıb. Neftin ucuzlaşması mərkəzi bankların gələcəkdə ata biləcəyi aqressiv monetar addımlarla bağlı narahatlıqları bir qədər yüngülləşdirib.
ABŞ-da aprel ayı üçün açıqlanan ADP özəl sektor məşğulluğu rəqəmləri gözləntiləri tam qarşılamasa da, 109 min nəfərlik artım iş bazarının yenidən hərəkətləndiyini nümayiş etdirib. Analitiklər bu inkişafın iqtisadi fəallığın dayanıqlığını qoruduğuna işarə etdiyini və FED-in inflyasiya ilə resesiya arasındakı seçim dilemmasını azalda biləcəyini qeyd edirlər.
Bu vəziyyət aktivlərin qiymətində dəyişikliklərə yol açıb. ABŞ-ın 10 illik istiqraz gəlirliliyi inflyasiya təzyiqinin azalacağı təxminləri ilə 4,35 faizə düşüb, dollar indeksi isə 98 bəndi ətrafında qərarlaşıb.
Digər tərəfdən, dolların zəifləməsi fonunda qızılın bir unsiyası 2,9 faiz bahalaşaraq 4 min 691 dollara yüksəlib və hazırda 4 min 704 dollar səviyyəsindən alıcı tapır.
Korporativ cəbhədə çip istehsalçısı AMD-nin gəlirlərinin proqnozları üstələməsi onun səhmlərinin 18,6 faiz bahalaşmasına, nəticədə S&P 500, Nasdaq və Dow Jones indekslərinin yüksəlişinə səbəb olub.
Avropa birjaları da Yaxın Şərqdəki müsbət tendensiya və enerji xərclərinin azalacağı ümidi ilə günü artımla başa vurublar. Avrozona üzrə istehsalçı inflyasiyasının yüksək tempinə baxmayaraq, sülhün iqtisadi riskləri azaldacağı proqnozlaşdırılır və bu, Avropa Mərkəzi Bankının iyun iclasında faiz artımı ehtimalını gündəmdə saxlayır.
İngiltərədəki yerli seçkilər siyasi qeyri-müəyyənlik yaratsa da, FTSE 100, DAX 40, CAC 40 və FTSE MIB 30 indeksləri əhəmiyyətli dərəcədə dəyər qazanıb.
Asiyada isə üçgünlük tətildən qayıdan Yaponiya birjalarında kəskin artım müşahidə edilib, Nikkei 225 indeksi 5,7 faiz yüksəlib. Yaponiya Bankının son iclas protokolları göstərir ki, üzvlər enerji şoklarının inflyasiyaya təsiri davam edərsə, faiz dərəcələrini qaldırmağa hazırdırlar.
Ümumi mənzərədə Cənubi Koreyanın Kospi, Honkonqun Hang Seng və Çinin Şanxay indeksləri də günü müsbət zonada tamamlayıb.
