"Spotify" süni intellekt məzmunu ilə real şəxsləri fərqləndirmək üçün təsdiq nişanını istifadəyə verəcək
Rəqəmsal musiqi platforması "Spotify" istifadəçilərin platformadakı məzmunların süni intellekt məhsulu olub-olmadığını və sənətçilərin real şəxslər olduğunu ayırd edə bilməsi məqsədilə təsdiq nişanı tətbiqini işə salır.
AFN.az xəbər verir ki, BBC-nin yaydığı məlumata görə, "Spotify" istifadəçilərin platformadakı ifaçıların süni intellekt tərəfindən yaradıldığını və ya həqiqi insanlar olduğunu anlaması üçün xüsusi "doğrulanmış" simvolu hazırlayır.
"Spotify" sənətçilərin orijinallığı sübut edən müəyyən standartlara cavab verməsi halında adlarının yanında ""Spotify" tərəfindən təsdiq edilmişdir" yazısı ilə birlikdə yaşıl təsdiq nişanının yer alacağını açıqlayıb. Bu standartlara sənətçilərin profilinə bağlı sosial media hesablarının mövcudluğu, dinləyici qarşılıqlı əlaqələrinin ardıcıllığı, məhsul satışları və ya konsert tarixlərinin də daxil edilə biləcəyi bildirilir.
Platforma qeyd edib ki, dinləyicilərin aktiv şəkildə axtardığı sənətçilərin 99 faizindən çoxu doğrulanacaq və bu, yüz minlərlə ifaçını əhatə edəcək. Xəbərdə "Spotify"ın bu prosesdə musiqi mədəniyyətinə və tarixinə mühüm töhfələr verən məzmunlara üstünlük verəcəyi, doğrulama sisteminin isə yaxın həftələrdə fəaliyyətə başlayacağı qeyd olunub.

