Eminemin şirkətindən Meta-ya müəllif hüququ ittihamı

Məşhur reper Eminemin yayımçı şirkəti Eight Mile Style Meta-nı müəllif hüquqlarını pozmaqda ittiham edərək məhkəməyə verib.
Miçiqan ştatında qaldırılan iddiada Meta trilyon dollarlıq bir texnologiya nəhənginin sənətçilərin yaradıcılığını icazəsiz istismar etməsinin növbəti nümunəsi kimi xarakterizə olunub.
Şirkət iddia edir ki, Meta istifadəçilərin videolarına icazəsiz musiqi əlavə etməsinə şərait yaradaraq kütləvi müəllif hüququ pozuntularına yol verir. Bu isə ABŞ qanunlarına əsasən yayımlayıcılardan birbaşa lisenziya tələb olunan bir haldır.
Meta-nın musiqi sənayesi ilə bir sıra lisenziya müqavilələri olsa da Eight Mile Style Eminemin əsərlərinin bu müqavilələrə daxil olmadığını, Meta-nın bu barədə məlumatlandırıldığını və buna baxmayaraq əsərlərin platformada yayımlanmağa davam etdiyini bildirir.
Xüsusilə Eminemin “Lose Yourself” mahnısının müxtəlif versiyalarının — piano, karaoke və cover variantlarının — hələ də Meta-nın musiqi kitabxanasında mövcud olduğu vurğulanır.
Qeyd edək ki, Eight Mile Style daha əvvəl Spotify və Ford avtomobil şirkəti ilə də müəllif hüquqları mübahisəsi yaşamışdı.