Yaponiya ürək xəstəliklərinin müalicəsində kök hüceyrələrindən istifadə edən ilk ölkə olacaq


Yaponiyada dünyada ilk dəfə olaraq induksiya edilmiş kök hüceyrələrin (iPS hüceyrələri) istifadəsinə əsaslanan ürək xəstəliklərinin müalicəsi üsulu təsdiqlənə bilər.


Bu barədə "Nikkei" nəşri məlumat yayıb.

Qəzetin yazdığına görə, Osaka Universitetinin Qualips tibbi startapı yaxın vaxtlarda Yaponiya Səhiyyə Nazirliyinə iPS hüceyrələrindən istifadə etməklə ürək xəstəliklərini müalicə etməyə imkan verən kəşfinin kommersiyalaşdırılması və istifadəsinin təsdiqi üçün ərizə təqdim edəcək. Metod ürəyin işemik xəstəliyi olan xəstəyə iPS hüceyrələrindən yaradılmış ürək toxumasının köçürülməsini nəzərdə tutur. Kliniki sınaqlar zamanı belə toxuma səkkiz xəstəyə köçürülüb - nəticədə onların hamısında ürək funksiyasında əhəmiyyətli irəliləyiş müşahidə olunub. Bu müalicə üsulunun ürək üçün transplantasiya əməliyyatından daha az risk daşıdığı, əməliyyatın özünün isə daha az vaxt tələb etdiyi vurğulanır. Əgər təsdiq edilərsə, ürək xəstəliklərinin bu müalicəsi dünyada iPS hüceyrələrindən istifadə edən ilk müalicə olacaq.

Yapon alimi Şinya Yamanaka 2012-ci ildə kök hüceyrələr sahəsində apardığı araşdırmalara görə Fiziologiya və Tibb üzrə Nobel Mükafatını qazandıqdan sonra cəmiyyətdə və ölkə hökumətində bu mövzuya maraq hədsiz dərəcədə artıb. Regenerativ təbabət elmin inkişafı üçün prioritet sahələrdən biri elan edilib. iPS hüceyrələri, müəyyən kimyəvi maddələrə məruz qaldıqda, nəzəri olaraq müxtəlif orqanların toxumalarını inkişaf etdirməyə imkan verən istənilən növ hüceyrəyə çevrilməyə qadirdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu