Trampdan qalmaqallı iddia: Bayden ölüb, robotla əvəz edilib Bayden ölüb, robotla əvəz edilib

ABŞ prezidenti Donald Trampın keçmiş prezident Co Bayden haqqında paylaşımı böyük ajiotaja səbəb olub. Tramp özünə məxsus "Truth Social" platformasında yayımladığı paylaşımda Baydenin 2020-ci ildə öldürülmüş ola biləcəyini və yerinə robotik surətinin gətirildiyini iddia edən bir istifadəçinin fikirlərini bölüşüb.
78 yaşlı siyasətçinin paylaşdığı mesajda bu ifadələr yer alıb:
“Artıq Co Bayden deyə birisi yoxdur. O, 2020-də öldürülüb”.
Paylaşımda Baydenin yerinin klonlar, dublörlər və ruhsuz robotik varlıqlarla doldurulduğu və Demokratların belə bir dəyişiklikdən xəbərsiz olduğu irəli sürülüb.
Trampın bu paylaşımı bəzi tərəfdarları tərəfindən tez bir zamanda mənimsənilib. Sosial media istifadəçiləri Baydenin əvvəlki və indiki görüntülərini müqayisə edərək eyni şəxs olmadığını iddia ediblər.
Bəzi istifadəçilər hətta Baydenin qulaq formasında dəyişiklik olduğunu sübut kimi təqdim edib. Qeyri-rəsmi hesablar 2021-ci ildə Baydenin prezidentliyinin ilk günündə Arlington Milli Qəbiristanlığında top atəşi ilə gizli bir dəfn mərasimi keçirildiyini belə irəli sürüb.
Bu cür konspirasiya nəzəriyyələri daha əvvəl Melanya Tramp üçün də irəli sürülmüşdü. İnternet istifadəçiləri onun da bir dublörlə əvəzləndiyini iddia etmişdi. Ağ Ev isə bu fikirləri əsassız və gülünc adlandıraraq rədd etmişdi.
Siyasi müşahidəçilər Trampın bu tip paylaşımlarını ictimai rəyin manipulyasiyası və qarşıdakı seçkilərdə rəqibini nüfuzdan salmaq üçün istifadə etdiyini bildirir.
Konspirasiya nəzəriyyələri son illərdə ABŞ-da siyasi diskussiyaların bir parçasına çevrilib və reallıqla əlaqəsi olmayan bu cür iddialar bəzən geniş kütlələrə təsir göstərə bilir.