ABŞ payıza qədər 250 nəfərin vətəndaşlığını ləğv edəcək
ABŞ immiqrasiya prosesinin sərtləşdirilməsi siyasəti çərçivəsində qeyri-qanuni yollarla və ya qanunsuzluqla ABŞ vətəndaşlığı qazandığı iddia edilən xarici mənşəli şəxslərə qarşı görünməmiş bir addım atır.
AFN.az xəbər verir ki, Ədliyyə Nazirliyinin rəsmiləri oktyabr ayında başa çatacaq maliyyə ilinin sonuna qədər ən azı 250 vətəndaşlığın ləğvi üçün məhkəmə iddiası qaldırmağı planlaşdırır.
ABŞ Ədliyyə Nazirliyi immiqrasiya müraciətlərində yalan bəyanat verən və ya saxtakarlıq etdiyi müəyyən edilən, sonradan vətəndaşlıq almış şəxslərin hüquqlarını əlindən almaq üçün ölkə daxilindəki federal məhkəmələrdə gərgin bir iş rejiminə hazırlaşır.
Son həftələrdə onlarla belə iddianı artıq qaldırmış olan nazirliyin hədəflədiyi 250 rəqəmi ABŞ-da yaşayan təxminən 24 milyon sonradan vətəndaşlıq almış şəxs arasında kiçik bir faizi təşkil etsə də keçmiş dövrlərlə müqayisədə çox böyük bir artım deməkdir.
Belə ki, 1990-2017-ci illər arasında Amerika hökumətləri ildə orta hesabla cəmi 11 vətəndaşlığın ləğvi iddiası qaldırırdı.
Federal qanunlar Ədliyyə Nazirliyinə keçmişdə də saxtakarlıq aşkarlanan şəxslərin vətəndaşlığını ləğv etmək səlahiyyəti tanıyırdı.
Lakin federal hakimləri inandırmağı tələb edən bu uzun və mürəkkəb hüquqi proses keçmiş administrasiyalar tərəfindən adətən insan hüquqlarını pozanlar və ya ağır cinayət törədənlər kimi ən kəskin nümunələr üçün saxlanılırdı.
Tramp administrasiyası isə qəbul etdiyi yeni qərarla vətəndaşlıqdan çıxarma prosesində prioritet veriləcək halların və kateqoriyaların əhatə dairəsini genişləndirərək prosesi daha aqressiv bir kampaniyaya çevirib.
Barəsində vətəndaşlığın ləğvi iddiası qaldırılan şəxslərin məhkəmələrdə bu iddialara etiraz etmək və özlərini müdafiə etmək hüququ var.
Lakin hüquqi mübarizəni hökumət qazanacağı təqdirdə, bu şəxslər Amerika vətəndaşlığının verdiyi bütün hüquq və imtiyazları itirirlər.
Vətəndaşlığı əlindən alınan fərdlər adətən yaşıl kart sahibi olduqları köhnə immiqrasiya statusuna qaytarılır və nəticədə doğulduqları ölkələrə deportasiya edilmək riski ilə üz-üzə qalırlar.

