Trampdan seçki sisteminə tənqid: Manipulyasiyaya və korrupsiyaya açıqdır



ABŞ Prezidenti Donald Tramp kəşfiyyat məlumatlarına əsasən, ABŞ seçki sisteminin kiberhücumlara, sui-istifadəyə və xarici müdaxiləyə qarşı ciddi şəkildə müdafiəsiz olduğunu bildirib.

AFN.az xəbər verir ki, ABŞ Prezidenti Tramp Ağ Evdən xalqa müraciəti zamanı ABŞ-dakı mövcud seçki sistemini tənqid edib.

"Bu axşam seçki sistemimizdəki şokedici zəiflikləri ortaya qoyan kritik kəşfiyyat məlumatlarının dərhal məxfilikdən çıxarıldığını və dərc olunduğunu elan edirəm" deyən Tramp, bu məlumatlardakı sübutların ABŞ seçki sisteminin əvvəllər heç düşünülməmiş səviyyələrdə kiberhücumlara, sui-istifadəyə və xarici müdaxiləyə qarşı təhlükəli şəkildə müdafiəsiz olduğunu göstərdiyini qeyd edib.

Tramp "Daha da narahatlıq doğuran məqam isə bu həyati vacib məlumatların illərlə sizdən gizlədilməsi və ört-basdır edilməsidir" deyərək keçmiş Demokrat prezidentlər Co BaydenBarrak Obamanı ittiham edib.

Çinin 2020-ci ildən bəri 220 milyon ABŞ seçicisinin məlumatlarını ələ keçirərək tarixdəki ən böyük seçki məlumatı pozuntusunu həyata keçirdiyini iddia edən Tramp "Bu biabırçılığı daha da artıran şey isə kəşfiyyat təşkilatımızdakı bir çox qurumun Çinin seçkilərə hiyləgər müdaxiləsinə dair məlumatları aktiv şəkildə gizlətmək və kiçiltmək üçün çalışması, həm prezidentdən, həm də ABŞ xalqından ört-basdır etməsi faktıdır" deyib.

Çin hökumətinin ABŞ Prezidenti kimi özü haqqında mənfi xəbərlər yazan ABŞ-li jurnalistləri müəyyənləşdirərək böyük məbləğdə pullar ödədiyini bildirən Tramp, FTB-nin əldə etdiyi bəzi ilkin kəşfiyyat məlumatlarına görə Çinin ABŞ seçkilərinə müdaxilə fəaliyyətlərinin Bayden üçün qanunsuz səsvermə bülletenləri hazırlamaq cəhdini belə əhatə etdiyini diqqətə çatdırıb.

Tramp "Bu gün Milli Kəşfiyyat Direktorluğu Ofisindən və Mərkəzi Kəşfiyyat İdarəsindən (MKİ) bu qədər mühüm məlumatların necə və nə üçün gizlədildiyini araşdırmağı, ört-basdır etmə işində əli olanları vəzifədən kənarlaşdırmağı və uyğun görüldüyü təqdirdə bu şəxslər haqqında cinayət işi qaldırmağı tələb edirəm" deyə vurğulayıb.

Çin, Rusiya, İran, Şimali Koreya və dövlətdən kənar qruplar da daxil olmaqla ABŞ düşmənlərinin ABŞ seçki infrastrukturlarını təhlükəyə atmaq qabiliyyətinə malik olduğunu düşündüklərini izah edən Tramp, həmçinin ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin araşdırmasına görə, ABŞ seçkilərində qeydiyyatda olan təxminən 278 min əcnəbi vətəndaşı müəyyən etdiklərini də qeyd edib.

Tramp "Bu açıqlamalar heç kimin müdafiə edə bilməyəcəyi qədər pozulmuş və müdafiəsiz bir seçki sisteminin varlığını ortaya qoyur. Bu sistemi müdafiə etmək mümkün deyil. Yüz milyonlarla ABŞ seçicisinin faylları xarici hökumətlərin əlindədir, maşınlarımız və səsvermə sistemlərimiz kiberhücumlara, manipulyasiyaya və korrupsiyaya açıqdır" ifadələrini işlədib.

"Bu vəziyyət istənilən üçüncü dünya ölkəsindən daha pisdir. Bizimki kimi seçki sisteminə malik heç bir üçüncü dünya ölkəsi yoxdur" bəyanatını verən Tramp, ABŞ-da təhlükəsiz və ədalətli seçki sisteminin qurulması üçün bitərəf yanaşma ilə həll yolu tapılmalı olduğunu vurğulayıb.

Tramp bu çərçivədə noyabrda keçiriləcək aralıq seçkilərin dürüst olması gərəkdiyini bildirərək, bunun üçün Konqresin səsvermə zamanı şəxsiyyət vəsiqəsinin təqdim edilməsini məcburi edən və poçtla səsverməni məhdudlaşdıran "Amerikanı Xilas Etmə Qanunu" (SAVE America Act)nu bir an əvvəl qəbul etməsi çağırışını edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu