Braziliyadan ABŞ-ın tarif qərarına reaksiya
Braziliya hökuməti ABŞ-ın Braziliyadan idxal edilən bəzi məhsullara 25 faizlik gömrük rüsumu tətbiq etmək qərarının Vaşinqtonun Braziliya iqtisadiyyatının strateji sektorlarına yönəlmiş əsassız tələblərini qəbul etməmələrinin nəticəsi olduğunu bildirib.
AFN.az xəbər verir ki, Braziliyanın xarici işlər naziri Mauro Vieyra paytaxt Braziliyada verdiyi bəyanatda Braziliyadan idxal olunan bəzi məhsullara 25 faiz gömrük rüsumu qoymaq qərarı alan ABŞ-ı tənqid edib.
ABŞ ilə problemlərin həlli üçün çoxsaylı görüşlər keçirdiklərini bildirən Vieyra "ABŞ hökumətini əsl narahat edən məqamın Braziliyanın danışıqlar zamanı irəli sürülən həddindən artıq tələblərə və əsassız təzyiqlərə boyun əyməməsi olduğu son dərəcə aydındır" ifadəsini işlədib.
Vieyra ABŞ-ın Braziliya iqtisadiyyatının strateji sektorlarını heç bir qarşılıq vermədən ABŞ-yə açmasını istədiyini diqqətə çatdıraraq, "Başqa sözlə, təslim olmağımızı tələb edirdilər" qiymətləndirməsini edib.
İki ölkə arasındakı ticarət gündəliyinin bütün maddələrini müzakirə etmək məqsədilə keçən ilin əvvəlindən bəri hər səviyyədə üz-üzə, onlayn və telefonla 30-dan çox görüş keçirdiklərini vurğulayan Vieyra hökumətinin konstruktiv mövqe nümayiş etdirdiyini müdafiə edib.
Vieyra ABŞ Dövlət katibi Marko Rubionun Braziliya Prezidenti Luiz İnasio Lula da Silvanı hədəf alan açıqlamalarına da reaksiya verərək, "Rubio dost bir ölkənin dövlət başçısına kobud və təkəbbürlü şəkildə hücum edir" deyə danışıb.
ABŞ-ın Braziliya ilə ticarətində son 15 ildə ümumilikdə 424,5 milyard dollar xarici ticarət profisiti əldə etdiyini dilə gətirən Vieyra ötən il isə ABŞ mənşəli məhsulların 76 faizinin Braziliyaya gömrük rüsumu ödənilmədən idxal edildiyini xatırladıb.
Vieyra Braziliyanın idxalı məhdudlaşdırma və ticarət güzəştlərini dayandırma kimi cavab tədbirlərini nəzərdə tutan Qarşılıqlı Prinsip Qanununu xatırladaraq, "ABŞ-ın gömrük rüsumu tətbiqini haqlı çıxarmaq üçün irəli sürdüyü bütün iddialar reallıqdan uzaqdır və heç bir əsası yoxdur" ifadəsini işlədib.
ABŞ "Amerikan ticarətinə zərər vuran ədalətsiz tətbiqlər" bəhanəsilə bəzi Braziliya məhsullarına 25 faiz gömrük rüsumu tətbiq etmək qərarı almışdı.
