Parkinson müalicəsində kök hüceyrə köçürülməsi ümidverici nəticə verdi



İsveç və Böyük Britaniyanın əməkdaşlığı ilə aparılan klinik tədqiqat parkinson xəstəliyinin müalicəsində kök hüceyrələrdən əldə edilən dopamin hüceyrələrinin beyinə köçürülməsinin tətbiq oluna bilən və təhlükəsiz ola biləcəyini ortaya qoyub.

AFN.az xəbər verir ki, İsveçdəki Lund və Böyük Britaniyadakı Kembric universitetlərinin birgə həyata keçirdiyi "STEM-PD" adlı klinik araşdırmada parkinson xəstələrində itirilmiş dopamin istehsal edən sinir hüceyrələrinin kök hüceyrələrdən yetişdirilən yeniləri ilə əvəzlənməsinin hədəfləndiyi bildirilib.

Avropada aparılan öncül çalışma kimi qiymətləndirilən klinik tədqiqat çərçivəsində 8 parkinson xəstəsinə kök hüceyrə mənşəli dopamin hüceyrəsi köçürüldüyü qeyd olunaraq, ilk 1 illik müşahidə müddətində nəql edilən hüceyrələrlə bağlı heç bir əks-təsirin görünmədiyi diqqətə çatdırılıb.

Parkinson xəstələrində dopamin hüceyrələrinin itirilməsinin hərəkətlərdə ləngimə, əzələ sərtliyi, yeriş pozuntusu və əsmə kimi əlamətlərlə özünü göstərdiyinə diqqət çəkilən araşdırmada aparılan işlə köçürülən hüceyrələrin zamanla yetişərək beyində dopamin istehsal edən sinir hüceyrələrinə çevrilməsinin nəzərdə tutulduğu bildirilib.

Lund Universitetindən “STEM-PD” layihəsinin rəhbəri prof. dr. Malin Parmar əldə olunan nəticələrin regenerativ təbabət baxımından mühüm bir mərhələ kimi dəyərləndirilə biləcəyini vurğulayıb.

Kembric Universitetinin Klinik Neyroelmlər Kafedrasından prof. dr. Roger Barker isə bu çalışmanı parkinson xəstələri üçün həyəcanverici yeni bir dövr kimi xarakterizə edib.

Araşdırmanın uzunmüddətli təhlükəsizliyini və səmərəliliyini qiymətləndirmək üçün xəstələrin izlənilməsinə davam edildiyi qeyd olunub.

Klinik tədqiqatın nəticələri "Nature Medicine" jurnalında dərc edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu