Yaşana bilinən zonadakı planetdə ilk dəfə atmosfer aşkar edildi
Kainatda tək olub-olmadığımız sualına cavab axtaran alimlər kosmos tədqiqatlarında dönüş nöqtəsi olan böyük bir uğura imza atıblar.
AFN.az xəbər verir ki, Harvard Universitetinin rəhbərlik etdiyi tədqiqat qrupu Yerdən 50 işıq ili uzaqlıqda yerləşən "LHS 1140 b" planetinin helium üstünlüklü atmosfərə malik olduğunu müəyyən edərək kosmik araşdırmalarda tarixi bir ilki gerçəkləşdirib.
Astronomlar təxminən iyirmi ildir Günəş sistemindən kənardakı planetlərin atmosferlərini tədqiq etsələr də, bu işlər indiyədək yalnız Yupiterə bənzəyən, Yerdən fərqli böyük və qaynar qaz giqantları ilə məhdudlaşmışdı.
Nüfuzlu "Science" jurnalında dərc olunan yeni araşdırma isə ilk dəfə başqa bir ulduzun yaşana bilən zonasında yerləşən, Yer tipli qayalıq planetin ətrafında atmosferin mövcudluğunu üzə çıxarıb.
Kəşfin mərkəzində duran "LHS 1140 b" adlı ekzoplanet Yerdən təxminən beş dəfə böyük kütləyə və 1,7 dəfə böyük radiusa sahibdir. Günəşin beşdə biri böyüklüyündəki soyuq qırmızı cırtdan ulduzun ətrafında fırlanan bu səma cismi maye suyun varlığına imkan yaradan və yaşana bilən zona adlandırılan zolaqda yer alır.
Tədqiqatçılar planetin bu quruluşu ilə nazik bir atmosfərə və potensial olaraq su mənbələrinə ev sahibliyi edə biləcəyini vurğulayırlar.
Araşdırmanın əsas müəllifi Kollin Çerubim ilk dəfə başqa ulduzun yaşayış üçün əlverişli zonasındakı qayalıq planetdə atmosfer tapdıqlarını qeyd edir.
Alimlər hazırladıqları kompyuter modelləri sayəsində "LHS 1140 b"nin zaman keçdikcə hidrogenini itirərək heliumunu qoruduğunu və beləliklə helium ağırlıqlı atmosfərə yiyələndiyini müəyyən ediblər.
Qırmızı cırtdan ulduzların güclü radiasiya yaymaq meylinə baxmayaraq, bu planetin atmosferini təxminən 3 milyard il ərzində saxlaması elmidə böyük təəccüb doğurub. Planetin keçmişi boyunca yüksək səviyyəli rentgen və ultrabənövşəyi radiasiyaya məruz qalmasına rəğmən yaranma mərhələsində toplanan heliumu qoruyub saxlaya bildiyi bildirilir.
Bu mühüm kəşfin digər diqqətçəkən tərəfi isə işin Ceyms Uebb kimi kosmik rəsədxanalar əvəzinə Yerdəki teleskop vasitəsilə həyata keçirilməsidir. Bu hal gələcəkdə Yerdəki teleskopların da yad dünyaların atmosferini təhlil etməkdə kosmik teleskoplar qədər effektiv rol oynaya biləcəyini göstərir.
Mütəxəssislər bu araşdırmada tətbiq olunan üsulun qarşıdakı illərdə sakit ulduzların ətrafında dönən digər Yer tipli planetlərin kəşfinə də yol açacağını proqnozlaşdırırlar.
