Qlobal bazarlar geostrateji gərginliyin cəngindədir
Qlobal bazarlar çip istehsal edən şirkətlərin səhmlərində müşahidə olunan dərin satış təzyiqi və Yaxın Şərqdə kəskinləşən geostrateji gərginlik fonunda mənfi dinamika nümayiş etdirir.
AFN.az xəbər verir ki, süni intellekt sahəsindəki nəhəng investisiyaların özünü doğruldub-doğrultmayacağı ilə bağlı narahatlıqlar səbəbindən çip istehsalçısı olan şirkətlərin səhmlərində davam edən satış təzyiqi və artan geostrateji risklər qlobal bazarlarda risk qavrayışının yüksək qalmasına gətirib çıxarır.
Trilyonlarla dollarlıq xərclərin nə vaxt mənfəət gətirəcəyi qeyri-müəyyənliyini qoruduğu bir vaxtda texnologiya səhmlərinin həddindən artıq dəyərləndirilib-dəyərləndirilmədiyi də bazarlarda müzakirə mövzusu olaraq qalır.
ABŞ-ın İrana qarşı hücumlarını intensivləşdirməsi və İranın cavab olaraq regiondakı digər ölkələrə zərbələr endirməyə davam etməsi qlobal bazarlarda risk iştahına mənfi təsir göstərir.
Bölgədə gərginliyin yenidən artması ilə neft qiymətlərinin yüksəlməsi və Hörmüz boğazından gəmilərin keçidinin məhdud qalmağa davam etməsi halında inflyasiya narahatlıqlarının yenidən güclənə biləcəyi proqnozlaşdırılır.
Bu həftə ABŞ-da açıqlanan inflyasiya göstəricilərinin əsas qiymət təzyiqlərinin səngidiyinə işarə etməsinə baxmayaraq, investorlar enerji qiymətlərindəki son artımın inflyasiyadakı zəifləmə tendensiyasını tərsinə çevirə biləcəyi narahatlığı ilə bu statistikaya ehtiyatla yanaşırlar.
Analitiklər ABŞ və İranın kompromis yolundan getdikcə uzaqlaşdığını bildirirlər.
Bu hadisələrlə yanaşı, ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəsmilərinin bəyanatları da diqqətlə izlənilir.
Dallas FED Prezidenti Lori Loqan inflyasiyanın 2 faiz səviyyəsinə doğru geriləməyəcəyi təqdirdə göstəricini bu həddə çatdırmağa kömək etmək üçün müəyyən sərtləşdirmə siyasətinə ehtiyac olduğunu ifadə edib.
Kanzas Siti FED Prezidenti Ceff Şmid də əsas narahatlığının inflyasiya olduğunu, inflyasiyanın hələ də çox yüksək və uzun müddətdir hədəfdən yuxarı seyr edildiyini qeyd edib.
Makroiqtisadi göstəricilər tərəfində isə ABŞ-da pərakəndə satışlar iyun ayında aylıq müqayisədə 0,2 faiz artaraq gözləntilərə paralel şəkildə dəyişib.
Ölkədə ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı iyulun 11-i ilə bitən həftədə 208 minə geriləyərək bazar gözləntilərinin altında qalıb. Sözügedən göstəricilər ABŞ iqtisadiyyatının gücünü qoruduğunu nümayiş etdirir.
ABŞ-ın Braziliyaya 25 faiz nisbətində yeni gömrük tarifi tətbiq etmək qərarı ilə ticarət gərginlikləri yenidən gündəmə gəlib.
Bu hadisələrlə ABŞ-ın 10 illik istiqraz gəlirliliyi üfüqi dinamikayla 4,55 faiz səviyyəsində olduğu halda, dollar indeksi 0,1 faiz artaraq 100,8 səviyyəsində bərqərar olub.
"Brent" markalı neftin barel qiyməti 0,1 faiz artaraq 84,1 dollara yüksəlib. Yaxın Şərqdəki gərginliyin yenidən kəskinləşməsi ilə "Brent" nefti həftəni son üç ayın ən sürətli həftəlik artımı ilə başa vurmağa hazırlaşır.
Qızılın unsiyası isə sabitlənərək 3 min 976 dollar səviyyəsində qalır.
ABŞ-İran gərginliyinin neft qiymətlərini yüksək səviyyədə saxlaması və inflyasiyanın FED-in məhdudlaşdırıcı siyasət yürüdəcəyi narahatlıqlarını gücləndirməsi qızıl qiymətləri üzərində təzyiq yaratmaqda davam edir.
Analitiklər Yaxın Şərqdə gərginlik davam etdiyi müddətdə likvidlik ehtiyacının sürməsini və dollara olan tələbin artacağını bildirərək, qızıl qiymətlərindəki eniş meylinin davam edə biləcəyini vurğulayıblar.
Yüksək neft qiymətləri iqtisadiyyatlarda inflyasiyanın hədəf səviyyələrindən yuxarı qalma ehtimalını artıraraq FED-in siyasətinə dair qeyri-müəyyənliyi artırır. Bu vəziyyət faiz dərəcələrinin daha uzun müddət yüksək qalmasına, dolların möhkəmlənməsinə və qızıl kimi aktivlərin cazibəsinin azalmasına gətirib çıxarır.
New York birjası geriləyib
New York birjası çip səhmlərindəki satış təzyiqinin təsiri ilə günü düşüşlə başa vurub. Böyük bankların güclü balans hesabatlarının ardından şirkətlərin açıqladığı maliyyə nəticələri də investorların diqqət mərkəzində yer alıb.
Yarımkeçirici istehsalçısı TSMC-nin ikinci rüb mənfəətinin 77,4 faiz artaraq bazar gözləntilərini üstələməsinə baxmayaraq, kapital xərclərinə dair proqnozunu artırması səbəbindən şirkətin səhmləri 2,3 faiz geriləyib.
Digər çip istehsalçılarının səhmlərində də düşüş müşahidə olunub; Intelin səhmləri 5,8 faiz, Micron Technologynin səhmləri 5,7 faiz, Arm Holdingsin səhmləri 5,4 faiz, Advanced Micro Devices (AMD)ın səhmləri 5,3 faiz və Broadcomun səhmləri 5 faiz dəyər itirib.
ABŞ-ın aviaşirkəti United Airlinesın səhmləri isə şirkətin ikinci rüb maliyyə nəticələrinin gözləntilərdən yüksək olmasına rəğmən neft qiymətlərindəki artımın bu il yanacaq xərclərini təxminən 6 milyard dollar artıracağını proqnozlaşdırmasından sonra 1,8 faiz aşağı düşüb.
GE Aerospace səhmləri şirkətin maliyyə nəticələrinin gözləntilərdən daha yaxşı gəlməsinə və bu ilə dair mənfəət proqnozunu yüksəltməsinə baxmayaraq 3,5 faiz geriləyib.
ABŞ-ın texnologiya nəhənglərindən olan Alphabetin səhmləri də şirkətin ən güclü süni intellekt modeli "Gemini 3.5 Pro"nun bazara çıxarılmasını təxirə salmasına dair xəbərlərdən sonra 4,4 faiz ucuzlaşıb.
Tibbi sığorta şirkəti UnitedHealthın isə bu ilə dair mənfəət proqnozunu yuxarı yönlü yeniləməsindən sonra səhmləri 1,2 faiz yüksəlib.
Digər tərəfdən, qlobal internet televiziya şəbəkəsi Netflixin gəliri bu ilin ikinci rübündə 13,4 faiz artaraq 12,6 milyard dollara çatıb.
"Netflix"in xalis mənfəəti də ilin ikinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 8,8 faiz artaraq 3,4 milyard dollara yüksəlib. Şirkətin xalis mənfəəti 2025-ci ilin eyni dövründə 3,1 milyard dollar olaraq hesablanmışdı.
"Netflix"in açıqladığı güclü balans hesabatına baxmayaraq, şirkətin səhmləri birjadan kənar əməliyyatlarda 8,9 faiz dəyər itirib.
Bağlanışda "Dow Jones" indeksi 0,20 faiz, "S&P 500" indeksi 0,51 faiz və "Nasdaq" indeksi 1,47 faiz dəyər itirib. ABŞ-da indeks fyuçers müqavilələri günə düşüşlə başlayıb.
Böyük Britaniya istisna olmaqla Avropa birjaları geriləyib
Avropa birjalarının istiqamətinə şirkətlərin maliyyə hesabatları təsir edir. Kommunal xidmətlər və telekommunikasiya sektorundakı şirkətlərin hesabatlarının gözləntilərin altında qalması və süni intellekt şirkətlərinin dəyərləndirmələrinin həddindən artıq yüksəldiyinə dair narahatlıqlar Avropa bazarlarında satış təzyiqinin artmasına səbəb olub.
Siyasi proseslər investorların diqqət mərkəzindədir.
Böyük Britaniyada Endi Börnhem bazar ertəsi günü baş nazir kürsüsünə əyləşməyə hazırlaşır. Analitiklər ölkədə kritik məsələnin xəzinədarlıq və maliyyə naziri vəzifəsinə kimin gətiriləcəyi olduğunu bildiriblər.
Digər tərəfdən, ölkədə baş nazirin vergiləri artırıb-artırmayacağı da maraq doğurur. Börnhemin torpaq vergilərini artıra biləcəyinə dair ehtimallar ön plana çıxır. Analitiklər torpaq vergisinin artırılmasının Böyük Britaniyada mənzil qiymətlərində kəskin düşüşə gətirib çıxara biləcəyini deyiblər.
Digər tərəfdən, Böyük Britaniyanın Milli Statistika İdarəsi (ONS) may ayı üzrə artım göstəricilərini açıqlayıb. Buna əsasən, martda 0,3 faiz böyüyən və apreldə 0,1 faiz kiçilən Britaniya iqtisadiyyatı may ayında 0,1 faiz böyüyüb.
Eyni zamanda, Avrozona may ayında 7,8 milyard avro ticarət kəsiri verib. Keçən ilin may ayında isə 15 milyard avro ticarət profisiti qeydə alınmışdı.
Bu hadisələrlə Böyük Britaniyada "FTSE 100" indeksi 0,54 faiz dəyər qazandığı halda, Fransada "CAC 40" indeksi 0,05 faiz, Almaniyada "DAX 40" indeksi 0,34 faiz və İtaliyada "FTSE MIB 30" indeksi 0,07 faiz dəyər itirib. Avropada indeks fyuçers müqavilələri günə düşüşlə başlayıb.
Asiya birjalarında mənfi dinamika müşahidə olunur
Asiya birjalarında bu gün mənfi meyl izlənilərkən, Yaponiya birjasındakı kəskin düşüş diqqəti cəlb edir.
Bu həftə investorlar böyük bankların açıqladığı güclü maliyyə göstəricilərindən sonra yarımkeçirici sektorundan bankçılıq kimi digər sahələrə yönəliblər. Bu vəziyyət çip sektorundan daha çox asılı olan Asiya bazarlarını satış təzyiqi qarşısında müdafiəsiz buraxıb.
Sözügedən proseslərlə bağlı bağlanışa yaxın Yaponiyada "Nikkei 225" indeksi 6,4 faiz, Çində "Şanxay Kompozit" indeksi 1,6 faiz, Honq Konqda "Hang Seng" indeksi 2 faiz geriləyib. Cənubi Koreya birjasında isə bu gün tətillə əlaqədar əməliyyatlar aparılmır.
