Qlobal bazarlarda gərginlik: Avropa birjalarında qarışıq meyllər hökm sürür



Avropa birjaları artan geosiyasi gərginliklərneft qiymətlərinin bahalaşmasının təsiri ilə həftənin ilk iş gününə qeyri-müəyyən dinamika ilə başlayıb.

AFN.az xəbər verir ki, qlobal bazarlarda Yaxın Şərqdə kəskinləşən qarşıdurmaların fonunda investorlar istiqamət axtarışını davam etdirirlər.

ABŞ və İran arasındakı diplomatik proseslər bazarların əsas diqqət mərkəzində qalmağa davam edir. Tərəflərdən gələ biləcək sülh xəbərlərinin qlobal bazarlarda risk iştahını artırma ehtimalı olsa da, verilən ziddiyyətli bəyanatlar risk qavrayışının hələ də yüksək olduğunu göstərir.

ABŞ Prezidenti Donald Tramp ABŞ/İsrail-İran müharibəsində hücumların dayandırılması üçün Vaşinqtonun təklif etdiyi layihəyə Tehranın verdiyi cavabı qəbuledilməz adlandırıb. İran mətbuatı isə Tehran rəhbərliyinin müharibəni sonlandırmaq üçün hazırlanan təklifə öz cavabını artıq vasitəçilər vasitəsilə çatdırdığını bildirib.

Eyni zamanda, İsrail Baş naziri Benyamin Netanyahu İranın hələ də ölkədən kənarlaşdırılmalı olan zənginləşdirilmiş urana sahib olduğunu iddia edərək müharibənin hələ bitmədiyini vurğulayıb.

Yaxın Şərqdəki gərginlik səbəbindən enerji xərclərinin yüksək qalması və Avropa Mərkəzi Bankının (ECB) faiz artımına gedəcəyi ilə bağlı proqnozların güclənməsi Avropa bazarlarındakı satış meyllərinə təsir edən əsas amillərdir.

Avropa bazarlarında saat 11:40-a olan məlumata görə, "Stoxx Europe 600" göstərici indeksi 0,1 faiz artaraq 612 bəndə, Böyük Britaniyanın "FTSE 100" indeksi isə 0,4 faiz yüksələrək 10 270 bəndə çatıb.

Almaniyanın "DAX 40" indeksi 0,1 faiz itki ilə 24 315 bənd, İtaliyanın "FTSE MIB 30" indeksi 0,2 faiz artımla 49 400 bənd, Fransanın "CAC 40" indeksi 0,4 faiz azalma ilə 8 077 bənd və İspaniyanın "IBEX 35" indeksi 0,1 faiz düşüşlə 17 874 bənd səviyyəsində qərarlaşıb.

Analitiklər bu gün ABŞ-da təkrar mənzil bazarındakı satış göstəricilərinin investorlar tərəfindən yaxından izləniləcəyini qeyd edirlər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu