Biz bu işi batırdıq - Ağ Ev Epşteyn qalmaqalında uğursuzluğunu etiraf etdi
ABŞ administrasiyası dünya miqyaslı pedofiliya şəbəkəsi qurmaqda ittiham olunan milyarder Ceffri Epşteynin cinayət işi üzrə arxiv sənədlərinin dərci zamanı ictimaiyyətlə əlaqələr (PR) və kommunikasiya xəttini tamamilə iflasa uğradıb.
AFN.az xəbər verir ki, bu sensasion etirafı ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens məşhur komik və aparıcı Co Roqanın podkastında danışarkən edib.
"Bunu tam səmimi deyirəm: biz Epşteyn sənədləri ilə bağlı ictimaiyyətlə kommunikasiya işini tamamilə uğursuzluğa düçar etdik", — deyən vitse-prezident, bu kobud səhvin arxasında hər hansı bir məlumatı gizlətmək niyyətinin dayanmadığını vurğulayıb.
Ceyms Devid Vens uğursuzluğun əsas səbəblərini açıqlayaraq qeyd edib ki, dövrün Baş prokuroru Pem Bondi əllərində olan sənədlərin həcmi və əhəmiyyəti barədə vaxtından əvvəl çox böyük vədlər verib. Lakin sonradan Donald Tramp administrasiyası arxivləri araşdırarkən məlum olub ki, sənədlərdə ictimaiyyətə məlum olmayan o qədər də yeni və şok edici informasiya yoxdur.
Vədlərin reallıqla üst-üstə düşməməsi və sənədlərin rəsmi təhlili prosesinin həddindən artıq uzanması cəmiyyətdə hakimiyyətə qarşı şübhələri artırıb. Vitse-prezident prosesin ləngidiyini etiraf edib: "Nəticədə biz bu sənədlərin hamısını açdıq. Amma bu iş lazım olduğundan daha çox vaxt apardımı? Bəli, təəssüf ki, belə oldu".
