"Google" elan etdi: Bu tətbiqlər silindi
"Google" Rusiya mənşəli "VK" sosial şəbəkəsi ilə milli mesajlaşma tətbiqi "MAX"ı "Google Play" mağazasından çıxardığını açıqlayıb.
AFN.az xəbər verir ki, Rusiyanın ən məşhur sosial media platformalarından olan "VK"dan verilən açıqlamada tətbiqlərin artıq "Google Play"də yer almadığı bildirilib.
Hazırda yüklənmiş vəziyyətdə olan xidmətlərin heç bir məhdudiyyət olmadan fəaliyyətini davam etdirdiyi vurğulanan açıqlamada "VK" və "MAX" tətbiqlərinin "RuStore", "Huawei AppGallery", "Samsung Galaxy Store", "Xiaomi GetApps" və digər "Android" tətbiq mağazalarından endirilə biləcəyi qeyd olunub.
"Apple" da daha əvvəl "VK" və şirkətə aid bəzi tətbiqləri "App Store"dan silmiş, Rusiya isə ölkədə "Facebook", "Instagram", "YouTube" və "X" kimi platformalara girişə müxtəlif məhdudiyyətlər tətbiq etmişdi.
Rusiyada təhlükəsizlik və fırıldaqçılıqla mübarizə məqsədilə "WhatsApp" və "Telegram" tamamilə bloklanarkən, keçən il "VK"nin dəstəyi ilə istifadəyə verilən yerli "MAX" tətbiqi başda dövlət qurumları olmaqla sürətlə yayılmışdı.



