Turizmdə problem müharibə deyil, bağlı sərhədlər və rəqabətsizlikdir - ekspert
İqtisadçı ekspert Natiq Cəfərli Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Rəşad Əliyevin turizmlə bağlı açıqlamasına münasibət bildirib.
AFN.az xəbər verir ki, ekspert sosial media hesabında paylaşdığı statusda Rəşad Əliyevin "Hindistan və Pakistan arasında baş verən gərginlik, son dövrlərdə isə Yaxın Şərqdə yaşanan münaqişələr Azərbaycana turizm axınının azalmasına təsir göstərib" fikri ilə qismən razılaşdığını, lakin bunun problemin mahiyyətini düzgün əks etdirmədiyini bildirib: "Deməyinə düz deyir, amma doğruları söyləmir – ola bilər ki, Yaxın Şərqdə yaşanan gərginlik ölkəmizə səfər edən turist sayını azaldıb. Bu ilin ilk 5 ayında Azərbaycana səfər edən turistlərin sayı keçən ilin eyni dövrünə görə 11 faiz azalıb".
Ekspert bildirib ki, eyni amillər regionun digər ölkələrinə də təsir etməli olduğu halda, statistik göstəricilər bunun əksini göstərir: "2026-cı ilin yanvar-may aylarında Gürcüstana gələn turist sayı 1 milyon nəfər olub, keçən ilin eyni dövrü ilə müqayisədə 6 faiz artım qeydə alınıb. Bu il Avropa İttifaqı və Böyük Britaniyadan gələn turistlərin sayında 30 faizlik artım olub. Səudiyyə Ərəbistanından gələn turistlərin sayı isə 36,3 faiz artıb. Yaxşı, Səudiyyə Körfəz ölkəsi deyil? Bəs Gürcüstana niyə daha çox gəlirlər?"
N.Cəfərli Ermənistanın da rekord nəticə əldə etdiyini vurğulayıb: "2026-cı ilin yanvar-may aylarında Ermənistanı 825 min 384 turist ziyarət edib. Bu, ölkə tarixində rekord göstəricidir. 2025-ci ilin eyni dövrü ilə müqayisədə turist sayı 19,3 faiz artıb. Ölkəyə gələn turistlərin 40 faizə yaxını quru sərhədlərlə keçib. Bu dövrdə Ermənistan Hindistandan və Körfəz ölkələrindən gələn turistlərin sayında da kəskin artım qeydə alıb, ən çox artım Hindistandan gələnlərdədir."
Ekspert hesab edir ki, Azərbaycanın turizm sektorunda yaranmış vəziyyətin səbəbləri daha dərindən araşdırılmalıdır: "Rəşad müəllim, bu necə olur ki, Pakistanla Hindistan dalaşır, Körfəzdə dava düşür, amma buralardan gələn turist sayı tək bizdə, Azərbaycanda azalır? Bu əsl səbəbdirsə, Gürcüstanda, Ermənistanda da azalma olmalıdır, elə deyilmi? Bəlkə əsl səbəblərdən – bağlı qalan quru sərhədlərdən, bu sektorda rəqabətin azlığından, dövlətin tənzimləmə qurumlarının bu sektora mənasız müdaxilələrindən danışasınız?"



