Fransanı şiddətli quraqlıq bürüyüb
Fransa su istifadəsinə rekord sayda məhdudiyyətlərin qoyulmasına gətirib çıxaran şiddətli və erkən quraqlıqla üz-üzə qalıb.
AFN.az xəbər verir ki, bu barədə "France24" ekoloji keçid naziri Monika Barbyüyə istinadən məlumat yayıb.
Parlamentari bildirib ki, quraqlıq adətən gözləniləndən təxminən bir ay əvvəl başlayıb, çox şiddətli keçir və erkən başlamasına görə müstəsna xarakter daşıyır.
Ən çox narahatlıq doğuran məqam isə yazda düşən yağıntının həcminin norma daxilində qalmasına baxmayaraq bu vəziyyətin yaranmasıdır.
Barbyü diqqətə çatdırıb ki, bu hal iqlim dəyişikliyi fonunda su dövriyyəsinin dərindən pozulmasından xəbər verir.
Nazir mövcud vəziyyəti 2012-ci ildə milli monitorinq sisteminin tətbiqindən bəri görünməmiş analoqsuz hal adlandırıb.
Xatırladaq ki, bir qədər əvvəl Böyük Britaniyada iqlimin geri dönməz şəkildə dəyişəcəyi proqnozlaşdırılmışdı və Lids Universitetinin meteoanaliz üzrə professoru Duqlas Parketin sözlərinə görə, ölkəni daha tez-tez və güclü ekstremal hava hadisələri gözləyir.


