Böyük Britaniyada yeni lider müəyyənləşdi: Endi Börnhem Baş nazir olacaq
Böyük Britaniyada millət vəkili Endi Börnhem Leyboristlər Partiyasının yeni lideri elan edilib və ölkənin Baş naziri olması yolunda son addımını atıb.
AFN.az xəbər verir ki, Börnhemin iyulun 20-də baş nazir postunu təhvil alacağı gözlənilir. Böyük Britaniyanın Baş naziri və Leyboristlər Partiyasının lideri Keyr Starmerin istefa verməsindən sonra partiyanın yeni lideri müəyyənləşib.
Daxili İşlər naziri Şabana Mahmud verdiyi açıqlamada Mançesterin sabiq merinin və deputat Endi Börnhemin parlamentarilərin, həmkarlar ittifaqlarının və partiya təşkilatlarının dəstəyini alaraq Leyboristlər Partiyasının yeni lideri seçildiyini bəyan edib.
Böyük Britaniya Baş naziri Keyr Starmerin iyulun 20-si bazar ertəsi günü Bukingem sarayına gedərək Kral III Çarlzla görüşməsi və elə həmin gün baş nazir vəzifəsini parlamentdə çoxluğa sahib olan Leyboristlər Partiyasının yeni lideri Endi Börnhemə təhvil verməsi planlaşdırılır.
Börnhemin günortadan sonra kabinetini təyin edəcəyi və gələn həftələrdə yaşayış minimumu və həyat bahalığına fokuslanan bir sıra yeni siyasətlər açıqlayacağı gözlənilir. Hakim partiyanın yeni lideri elan edilən Börnhem baş nazir postunu təhvil almaqla Böyük Britaniyanın siyasi qeyri-sabitliklərlə keçən son on ilində hakimiyyətə gələn 7-ci baş nazir olacaq.
Börnhem keçən ay keçirilən aralıq seçkilərdə qalib gəldikdən bəri ona partiyanın gələcək lideri kimi baxılırdı. Leyboristlər Partiyasının may ayında keçirilən yerli seçimdə ağır itkilər verməsindən sonra Baş nazir Starmer öz partiyadaşı olan millət vəkillərinin kəskin istefa tələbləri ilə üz-üzə qalmışdı. Deputatlar Starmerin kənara çəkilərək yerini Börnhemə verməsini tələb edirdilər.
Leyboristlər Partiyası 18 aydır ki, rəy sorğularında "Reform UK" partiyasından geridə qalır. Partiya tərəfdarları Börnhemin liderliyinin bu vəziyyəti dəyişəcəyinə ümid edirlər.
1970-ci il təvəllüdlü Börnhem 20 yaşlarında keçmiş deputat Tessa Cuelin yanında tədqiqatçı kimi fəaliyyətə başlayıb, 2001-ci ildə Li şəhərindən millət vəkili seçilib və bu vəzifəni 2017-ci ilə qədər davam etdirib.
Səhiyyə Nazirliyi və Xəzinədarlıq Baş Katibliyi daxil olmaqla mühüm nazir postlarında çalışan Börnhem 2010 və 2015-ci illərdə Leyboristlər Partiyasının liderliyinə namizəd olsa da, Ed Miliband və Ceremi Korbinə uduzmuşdu.
2017-ci ildə Mançester meri vəzifəsini öz üzərinə götürən Börnhem Böyük Britaniyada mərkəzi hökumətin siyasətlərinə qarşı Mançester başda olmaqla ölkənin şimalını müdafiə etdiyi üçün "Şimalın Kralı" kimi tanınmağa başlamışdı. Bu ləqəb xüsusilə "Covid-19" pandemiyası dövründə Börnhemin hökumətin kifayət qədər resurs ayırmadan sərt məhdudiyyətlərə getməsi siyasətinə qarşı çıxdığı vaxtda formalaşmışdı.
Böyük Britaniya siyasətində dəyişikliyə ehtiyac olduğunu müdafiə edən Börnhem səlahiyyətlərin mərkəzdən yerli idarəetmə orqanlarına ötürülməsi və "Şimal Prezidentlik Ofisi" vasitəsilə hakimiyyətin Krallığın digər bölgələrinə paylanmasına kömək edəcəyini vəd etmişdi.
Sərvətin doğru bölgüsünə əsaslanan iqtisadi siyasətlər və bələdiyyələr vasitəsilə böyük sosial mənzil tikintisi proqramı başladacağını vəd edən britaniyalı siyasətçi Böyük Britaniyanın Avropa İttifaqına yenidən qoşulması çağırışları ilə də tanınır. Börnhem iyun ayından bəri Meykerfild dairəsindən millət vəkili kimi fəaliyyət göstərirdi.
