Media: Leyboristlərin təxminən yarısı Starmerin istefa verməli olduğunu düşünür


Leyboristlər Partiyasının əksər üzvləri Böyük Britaniyanın baş naziri Keyr Starmerin partiyanın vəziyyətini yaxşılığa doğru dəyişə biləcəyinə inanmır, üzvlərin 45%-i isə onun istefa verməli olduğunu düşünür.

AFN.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti yazır. Sorğuda iştirak edən partiya üzvlərinin 42%-i Starmeri əvəz edə biləcək ilk namizəd kimi Endi Bernhemin adını çəkib.

Bernhemə yaxın olan bir neçə leyborist deputat qəzetə bildirib ki, Starmerin vəzifədən nizamlı və layiqli şəkildə getməsi üçün dəqiq qrafikin olmasını istəyirlər. Onların fikrincə, belə bir plan Bernhemə parlamentdə yer qazanmaq üçün də vaxt qazandırmalıdır.

Sorğu cümə axşamı keçirilən seçkilərdən dərhal əvvəl aparılıb. Həmin seçkilərdə leyboristlər bir neçə cəbhədə — İngiltərədə yerli şura, Uels və Şotlandiyada isə parlament seçkilərində mübarizə aparıblar.

Naycel Farac və "Reform UK" partiyası yüzlərlə yer qazanıb və İngiltərədə əlavə şuralar üzərində nəzarəti ələ keçirib. Leyboristlər Şotlandiyada mövqelərini itirib — burada Şotlandiya Milli Partiyası ardıcıl beşinci tarixi qələbəsini qazanıb. Uelsdə isə "Plaid Cymru" partiyası leyboristlərin yüzillik hegemonluğuna son qoyaraq birinci nazir Eluned Morqanı postundan uzaqlaşdırıb.

İngiltərə və Uelsin Yaşıllar Partiyası da bir neçə şurada nəzarəti ələ keçirib ki, bu da eçicilərin Starmerin partiyasından narazılığının artmasının göstəricisi kimi qiymətləndirilir.

Araşdırma həmçinin göstərib ki, Leyboristlər Partiya üzvlərinin yarısından çoxu (51%) Starmerin ictimai rəy sorğularındakı mənfi dinamikanı dəyişə biləcəyinə inanmır. Bu isə onun növbəti ümumi seçkilərdə islahatçılara qalib gəlmək qabiliyyətinin şübhə altına alınması deməkdir.

Bununla belə, tənqid olunan tək şəxs Starmer deyil. Respondentlərin 49%-i hesab edir ki, partiyanın uğursuz nəticələrinə görə həm Baş nazir, həm də bütün milli rəhbərlik məsuliyyət daşıyır. Bundan əlavə, sorğuda iştirak edənlərin 36%-i partiya üzvlüyündən çıxmağı düşündüyünü etiraf edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu