Britaniyada baş nazirin istefasını tələb edən deputatların sayı ikiqat artdı
Böyük Britaniyanın hakim Leyboristlər Partiyasından olan onlarla millət vəkili Baş nazir Keyr Starmerin istefasını tələb edir.
AFN.az "Sky News" telekanalına istinadən xəbər verir ki, son 24 saat ərzində bu tələblə çıxış edən deputatların sayı iki dəfədən çox artaraq 70-i keçib. Ölkədə siyasi gərginlik mayın 7-də keçirilən yerli özünüidarəetmə orqanlarına seçkilərdən sonra pik həddə çatıb.
Seçkilərin nəticələrinə görə Leyboristlər Partiyası tarixində ilk dəfə Uels parlamentinə nəzarəti itirib. İngiltərənin müxtəlif qanunverici orqanlarında leyboristlər əvvəlki göstəriciləri ilə müqayisədə 1400-dən çox mandat itiriblər.
Baş nazir Keyr Starmer seçkilərdəki uğursuzluğa görə məsuliyyəti üzərinə götürsə də, vəzifəsindən getməkdən imtina edib. Lakin partiyadaxili narazılıq artmaqda davam edir. Narazı deputatlar hesab edirlər ki, Starmerin rəhbərliyi altında partiyanın nüfuzu sürətlə aşağı düşür və bu, 2029-cu ildə keçiriləcək ümumi seçkilərdə daha böyük məğlubiyyətə yol aça bilər.
Artıq mayın 11-də bir neçə nazir köməkçisi etiraz əlaməti olaraq istefa verib. "Sky News"un iddiasına görə, xarici işlər naziri İvett Kuper və daxili işlər naziri Şabana Mahmud da daxil olmaqla, bəzi kabinet üzvləri şəxsi söhbətlərdə baş nazirə istefa verməyi tövsiyə ediblər.
Bu gün, mayın 12-də Keyr Starmerin rəhbərliyi ilə keçiriləcək Nazirlər Kabinetinin iclasında baş nazirin taleyinə aydınlıq gələcəyi gözlənilir.
