Dünya Kubokunun üçüncülük matçında Fransa ilə İngiltərə qarşı-qarşıya gələcək
FIFA 2026 Dünya Kubokuna yarımfinalda məğlub olan iki ölkə — Fransa və İngiltərə üçüncülük matçında qarşılaşacaqlar.
AFN.az xəbər verir ki, ABŞ, Kanada və Meksikanın birgə təşkil etdiyi FIFA 2026 Dünya Kubokunun üçüncülük matçında Fransa ilə İngiltərə iyulun 19-da Bakı vaxtı ilə saat 01:00-da Mayami Stadionunda üz-üzə gələcək.
Fransa və İngiltərə Dünya Kuboku tarixində indiyədək 3 dəfə rəqib olub. Bu oyunların 2-də ingilislər qalib gəldiyi halda, fransızlar rəqibini 1 dəfə məğlub ediblər.
İngiltərə 1966-cı ildə ev sahibliyi etdiyi turnirdə Fransanı 2:0, 1982-ci ildə İspaniyadakı Dünya Kubokunda isə 3:1 hesabı ilə üstələyib.
İki komanda sonuncu dəfə 2022-ci ildə Qətərdə keçirilən turnirin 1/4 finalında qarşılaşıb və Fransa meydandan 2:1 hesablı qələbə ilə ayrılıb.
Fransa Dünya Kubokunda I qrupunda qarşılaşdığı Seneqalı 3:1, İraqı 3:0 və Norveçi 4:1 hesabı ilə yenərək məğlubolunmaz lider kimi mərhələ adlayıb.
Fransızlar 1/32 finalda İsveçi 3:0, 1/16 finalda Paraqvayı 1:0, 1/4 finalda isə Mərakeşi 2:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəliblər.
Fransa yarımfinalda isə İspaniyaya 2:0 hesabı ilə uduzub.
İngiltərə isə L qrupunda Xorvatiyanı 4:2, Panamanı 2:0 hesabı ilə məğlub edib, Qana ilə 0:0 heç-heçə edərək 7 xalla lider kimi növbəti mərhələyə adlayıb.
İngilislər 1/32 finalda Demokratik Konqonu 2:1, 1/16 finalda ev sahiblərindən olan Meksikanı 3:2 və 1/4 finalda Norveçi 2:1 hesabı ilə keçərək yarımfinala vəsiqə qazanıblar.
İngiltərə yarımfinalda hesabı açsa da, son dəqiqələrdə buraxdığı qollarla Argentinaya 2:1 hesabı ilə yenilib.
ABŞ-da keçirilən matçların oynanıldığı stadionlardan biri olan Mayami Stadionu üçüncülük qarşılaşmasına da ev sahibliyi edəcək.
Turnir çərçivəsində sözügedən stadionda daha əvvəl 6 oyun keçirilib. 65 min azarkeş tutumu olan Mayami Stadionunda qrup mərhələsində 4, 1/32 və 1/4 finalda isə 1 matç oynanılıb.
Fransa ilə İngiltərə arasında keçiriləcək görüşü Venesuela Futbol Federasiyasından Xess Valensuela idarə edəcək. Valensuelanın köməkçiləri öz ölkəsindən Xorxe Urreqo və Tulio Moreno olacaq. Matçın dördüncü hakimi funksiyasını isə Mərakeş Futbol Federasiyasından Cəlal Cayed yerinə yetirəcək.



