Bağçaların maliyyələşdirilməsi ilə bağlı yeni qayda təsdiqləndi



“Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi Qaydası” təsdiq edilib.

Bu barədə AFN.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb.

Qərara əsasən, məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqə əsasında həyata keçiriləcək.

Müsabiqə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən hər il keçiriləcək. Müsabiqənin keçirilməsi müddəti Nazirlik tərəfindən müəyyən ediləcək.

“Lisenziyalar və icazələr haqqında” qanuna əsasən məktəbəqədər təhsil fəaliyyətinə lisenziya verilmiş özəl təhsil müəssisələri müsabiqədə iddiaçı qismində iştirak etmək hüququna malikdirlər.

Layihədə dövlət dəstəyinin ümumi məbləği ondan faydalana biləcək təhsilalanların sayından, bu Qaydada göstərilən məbləğdən və layihənin icra müddətindən asılı olaraq müəyyən ediləcək.

Layihə üzrə hər təhsilalana göstərilən təhsil xidmətlərinə görə dövlət dəstəyinin aylıq həddi təhsil haqqının 70 faizi həcmində, lakin Bakı şəhəri üzrə 350 manat, digər regionlar üzrə isə 250 manatdan çox olmayacaq.

Layihələrin icra müddəti 10 aydan çox olmayacaq. Layihə üzrə dövlət dəstəyinin maliyyələşdirilməsi dövlət büdcəsində Nazirlik üçün nəzərdə tutulmuş məqsədli vəsait həcmində həyata keçiriləcək.

Müsabiqənin keçirilməsi üçün nazirlik tərəfindən tərkibi nazirliyin əməkdaşlarından ibarət olmaqla ən azı 5 nəfərlik İşçi qrup yaradılacaq.

Valideynlər layihədə tərəfdaş kimi çıxış edəcəklər. Müsabiqə qalibləri olmuş iddiaçılar layihələrində göstərdikləri saydan artıq olmayan sayda təhsilalanların cəlb edilməsi məqsədilə Nazirlər Kabinetinin 2018-ci il 19 yanvar tarixli 16 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məktəbəqədər təhsil müəssisələrinə qəbul Qaydası”na uyğun olaraq layihədə valideynlərin iştirakını təmin edəcəklər.

Valideynlər nazirliyin rəsmi internet saytında müsabiqənin qalibləri barədə məlumat yerləşdirildikdən, qaliblərin təqdim etdikləri məlumatlarla tanış olduqdan, valideynin aylıq iştirak payı ilə razı olduqdan sonra EHİS-dəki elektron kabinetinə daxil olaraq dövlət dəstəyinin alınması üçün təhsilalanların qeydiyyatını aparacaq, elektron ərizəni dolduracaq və onu təsdiq edəcəklər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu