Turizm sahəsində hədəflərimizi müəyyənləşdirməliyik - Elman Sadıqov
“Mən özüm üçün turizmlə bağlı bir proqram hazırlamışdım. Bu proqramda bəzi cavabı hələ də açıq qalan suallar var”.
AFN.az xəbər verir ki, bunu “Skal Bakı” turizm peşəkarları klubunun “Turizm sənaye nümayəndələri ilə görüşək, inkişafa birgə dəstək olaq” mövzusunda təşkil etdiyi Azərbaycan qonaqpərvərlik və turizm sənaye nümayəndələrinin görüşündə müstəqil ekspert Elman Sadıqov deyib. O bildirib ki, əsas suallar bundan ibarətdir ki, birincisi, Azərbaycanda 2016-cı ildə turizm sektorunda bir bum yaşandı. Bunun da səbəbləri aydındır, devalvasiya, ölkə prezidentinin fərmanı, asan viza və s. “Bəs nə üçün 2019-cu ilin ortalarında ölkədə turizmin inkişaf tempi aşağı düşməyə başladı? Biz bunu hiss etmədik, çünki pandemiya başladı. Bunun səbəbləri müxtəlifdir. Birincisi, ictimai-iaşə müəssisələri, bəzi hotellər, bu sahədə xidmət göstərən bəzi qurumlar turizmi həzm edə bilmədi, hətta cəmiyyət də həzm edə bilmədi. Yəni biz turizm sahəsi ilə bağlı cəmiyyətdə kifayət qədər maarifləndirmə olmadan, insanları psixoloji baxımdan hazırlamadan birdən-birə bu sahəyə daxil olduq. Amma yaxşı mənada turizm sahəsində baş verən partlayışı davam etdirə bilmədik. Bunun da müxtəlif səbəbləri var”, - deyə ekspert diqqətə çatdırıb.
Elman Sadıqovun fikrincə, adətən iqtisadiyyatlarda təsadüfən belə bir partlayış olduqda onlar bu trendi saxlamaq üçün bir sıra təhlillər aparırlar. Bunlardan biri sorğuların keçirilməsidir: “Biz turizmdə sorğuları, empirik təhlilləri kifayət qədər etmirik, riskləri öncədən düzgün qiymətləndirə bilmirik. Bu sahədə hansı vizyona sahibik, nə istəyirik, hansı turizm modellərinin (Azərbaycan bir deyil, bir neçə model tətbiq edə bilər) tətbiqini daha potensiallı, hansıları daha az potensiallı görürük və niyə suallarına cavab verə bilmirik. Biz özümüzü tarixi abidələr baxımından Paris, London, Roma, Amsterdam kimi keçmiş imperiya mərkəzləri ilə müqayisə edə bilmərik. Lakin nəzərə alaq ki, cəmi 50 il öncə səhra olmuş və hazırda heç bir tarixi abidəyə malik olmayan Dubay tanınmış turizm mərkəzlərindən birinə çevrilib. Bəs nə üçün Tailand ola bilmərik, amma Xorvatiya nümunəsindən bəhrələnə bilərik? Yaxud hansı modelləri öyrənib özümüz üçün nümunəvi modellər və ya hibrid modellər hazırlamışıq? Ümumiyyətlə, bizim turizmdə hədəflərimiz nədir? Ekosistem turizmin inkişafında nəzərdə tutulan hədəflərə çatmağa nə dərəcədə cavab verir sualına müfəssəl cavabımız yoxdur. Cavablar xaotik və pərakəndədir”.
Ekspert qeyd edib ki, turizmdə yaradıcı yanaşmalar, xidmət və istiqamətlər çox zəifdir. Bizdə turizm və turistə xidmət deyəndə turistləri “Vito”ya doldurub Qəbələdə yeyib-içməyə aparmaq göz önünə gəlir: “Bütün turistlərə eyni yanaşırıq. Amma ərəb turistlərə yanaşma ilə hindli turistlərə və ya avropalı turistlərə yanaşma eyni ola bilməz. Turizm sektorunda müdaxilə ilə nəzarəti səhv salırıq. Bu səbəbdən dırnaq əvəzi barmağı deyil, bəzən hətta qolu kəsirik və ya əksinə. Bəzən dırnaqlar o qədər nəzarətsiz qalıb uzanır ki, turizmə, ölkənin imicinə xəsarət yetirir.
Nəhayət, ən vacib məsələ budur ki, dövlət qurumlarını təhlil edərkən əksəriyyətində (20% istisnadır) belə bir xarakterin olduğunu gördüm. Onların sahəsində hər şey yaxşıdır, zəifləmə var deyənlər təxribatçı və müxalif olan insanlar kimi qələmə verilir, rəqəmlərlə oynanılır və sair. Sonra Statistika Komitəsindən mənfi rəqəmlər və siqnallar gəlir, ölkə Prezidenti və ya Nazirlər Kabineti bu mənfi rəqəmlərin və siqnalların səbəbləri haqqında hesabat istəyir, müvafiq proqram və təkliflərin hazırlanmasını tələb edir. Yalnız bundan sonra müvafiq dövlət qurumu əl-ayağa düşür, 1-2 ayın içərisində süni intellekti də qoşaraq bir proqram hazırlanır. Halbuki hər hansı bir proqram uzun tədqiqat və təhlillərin nəticəsində məsələlərə hərtərəfli yanaşma ilə ortaya qoyulmalıdır. Geriləmənin olması etiraf olunur. Yəni əvvəlcədən preventiv tədbirlər üçün təkliflər verilmir, çünki gedişat ya obyektiv izlənilmir, ya da mənfi gedişat başladıqda düzgün diaqnoz və proqnozları əhatə edən təhlillər təqdim olunmur. Təşəbbüskarlıq, problemi qaldırmaq məsələlərində ilkin mərhələdə sərgilənən ehtiyatlı mövqelər sonradan dövlət üçün ciddi başağrısına çevrilir. Bunu məhz bu cür yanaşma tətbiq edən (problemlərini ilkin mərhələdə qaldırıb həll yolları da təklif edən dövlət qurumlarına aid deyil) dövlət qurumlarının bu amilləri nəzərə alması düşünürəm ki, özləri üçün də faydalı olar.
Sonda qeyd etmək istəyərdim ki, bəzi sahələr var ki, orada müəyyən düzəlişlərə ehtiyac ola bilər, amma bəzi sahələr fundamental dəyişikliklər tələb edir. Fundamental dəyişikliklərin tələb olunduğu sahədə müəyyən düzəliş və tənzimləmələr nəinki effekt verə bilər, hətta əks-effekt verər. Vizyon dəyişməsə, gediləcək yol da yanlış istiqamətə aparar!”
FƏXRİYYƏ



