ABŞ ordusu blokadanı aşmağa çalışan 5 ticarət gəmisinin hərəkətinə müdaxilə edib
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı yenidən elan edilən dəniz blokadasını aşmağa çalışdığı iddia edilən 5 ticarət gəmisinin Oman körfəzindəki hərəkətinə fərqli müdaxilələr etdiyini bildirib.
AFN.az xəbər verir ki, CENTCOM-un "X" sosial şəbəkəsindəki hesabında edilən paylaşımda İrana qarşı dəniz blokadasının yenidən elan edilməsindən sonra Oman körfəzindəki ticarət gəmilərinə qarşı tətbiq olunan addımlarla bağlı məlumat verilib.
Paylaşımda ABŞ qüvvələrinin blokadanı pozmağa çalışan üç ticarət gəmisini başqa istiqamətə yönəltdiyi və təlimatlara tabe olmayan bir gəmini zərərsizləşdirdiyi ifadə edilib.
ABŞ qüvvələrinin blokadaya əməl olunduğundan əmin olmaq üçün bir gəmiyə də daxil olduğu qeyd edilən paylaşımda "Hörmüz boğazı və ətrafındakı sular, Amerikanın polad divar blokadasını pozmağa çalışan gəmilər istisna olmaqla, sərbəst və açıq qalmağa davam edir" ifadəsi işlədilib.
ABŞ prezidenti Donald Tramp iyulun 13-də Hörmüz boğazında İrana qarşı ABŞ dəniz blokadasının yenidən qüvvəyə mindiyini açıqlamışdı.
